Ukraynaya havadan müdafiə sistemləri lazımdır – Qərbin ikili siyasəti...

середа, 00:00

“Rusiya Ukraynanı raket və dronlarla bombalamağa davam edir. Rusiyaya qarşı mövcud sanksiyalar və təzyiqlər kifayət etmir. Buna görə dünya terror dövləti ilə ticarət əlaqələrini məhdudlaşdırmalıdır”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən Ukrayna Azərbaycanlıları Radasının Direktoru Elşad İbrahimov bildirib ki, Qərb ikili siyasət yürüdür: “Əfsuslar olsun ki, Zelenskinin bu çıxışında həqiqət var. Həqiqət ondan ibarətdir ki, bu gün dünya birliyi Ukraynaya kömək edir. Lakin maddi və mənəvi köməklik kifayət etmir. Ukraynaya havadan müdafiə sistemləri və təyyarələr mütləq vacibdir.

alt text

Əgər havadan hücuma keçmək üçün bizim qırıcı təyyarələrimiz çox olsa, hərbi taktiki trayektoriyamız xeyli irəliləyə bilər. Amma əfsuslar olsun ki, müharibə başlayan gündən bugünədək bizə bir ədəd də olsun təyyarə verilməyib. Məlumdur ki, əgər havadan təminat yoxdursa, hücuma keçə bilməzsən. Heç vaxt”.

Elşad İbrahimov qeyd edib ki, bu gün bütün dünya Rusiyaya sanksiyalar tətbiq olunmalı olduğunu deyir: “Amma Rusiya bu sanksiyalara məhəl qoymursa, öz işğalçı siyasətini yürütməyə davam edirsə, o zaman Zelenskinin dediyi kimi, bütün dünya Rusiya ilə kontaktları kəsməlidir.

Əks halda Ukraynanın başına gətirilən müsibətlər sabah başqa ölkələrin də başına gətiriləcək. Ukraynanın infrastrukturu bu müharibənin gedişatında tam dağıdılıb. Hər gün dağıntılar, insan tələfatı yaşanır. Zelenski çıxışında dəfələrlə qeyd edib ki, müharibəni dayandırmağın iki yolu var: Birincisi, Ukraynanın Krım da daxil olmaqla bütün əraziləri geri qaytarılsın, ikincisi, Rusiya öz işğalçı siyasətinə son qoysun. Krımda, Donbasda və Luqanskda 2014-cü ildən bəri hökm sürən siyasi özbaşınalıq bitməlidir. Bu ərazilər Ukraynanın tərkib hissəsi olanda müharibə bitəcək”.

Zərifə Səfərova

https://mediapost.az/ukraynaya-havadan-mudafie-sistemleri-lazimdir-qerbin-ikili-siyaseti?fbclid=IwAR2-MHulIVBTnYLyFHgTQ676DmpiUXqey00cZcXkTEXXZ0phFONzPYxInqI

Теги: 
Украина