Murad Cəfərov: “Dövlət bizə - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna güvənə bilər”

понеділок, 11:47

Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb.

Missiya.Az xəbər verir ki, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. 

Kitab da yer alan maraqlı müsahibələrdən biri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birinci müavini Murad Cəfərovla olan yazıdır. 

Ukrayna possovet ölkələri içərisində gənclərimizin ali təhsil üçün ən çox müraciət etdikləri ölkələrdəndir. Bununla belə, bu sahədə də bir sıra məsələlərin araşdırılması və müzakirəsi önəm daşıyır. Ukraynada təhsil alan gənclərimizlə bağlı maraqlı müşahidələri olan, uzun zamandır bu ölkədə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan UABD sədr müavini Murad Cəfərovla bu mövzuda danışıb.

-Murad müəllim, Ukraynada azərbaycanlıların ali təhsil alması son vaxtlar çox dəbə minib. Bu barədə nə düşünürsünüz?

- Mən özüm Azərbaycan İqtisad Universitetinin məzunuyam. Maliyyə ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi almışam. Hal-hazırda Ukraynada elmi işlə məşğulam və UABD sədrinin birinci müavini vəzifəsində çalışıram. Düz deyirsiniz, son zamanlar Ukraynada ali təhsil almaq dəbdədir.Bu da onunla bağlıdır ki, Ukrayna ali təhsil ocaqlarına imtahansız qəbul olmaq olar. Kifayətdir ki, sənədləri toplayıb, istənilən universitetin qəbul şöbəsinə təqdim edəsən.Sənədlər qəbul olduqdan sonra isə rus və yaxud Ukrayna dillərində müsahibə və həmin universitetin ixtisasına uyğun bir-iki imtahan verməklə qəbul olmaq mümkündür. İstisna da var. Ukraynada bir neçə nüfuzlu universitet var ki, onlarda sadaladığım şərtlərdən başqa, müsabiqə də mövcuddur. Yəni yer məhdudiyyəti var. Məsələn, Şevçenko adına Kiyev Milli Universiteti, KIMO (Kiyev Beynəlxalq Münasibətlər İnstitutu) və sair. Ukraynada müxtəlif universitetlərdə təxminən 6-7 min azərbaycanlı tələbə oxuyur. Əfsuslar olsun ki, çoxları rus və Ukrayna dillərini çox zəif bilirlər.Bu da onların yaxşı təhsil almaq şanslarını çox azaldır, millətimizin bu məsələdə nüfuzunu Ukrayna ictimaiyyətinin qarşısında aşağı salmağa xidmət edir.Əlbəttə, bunu hamısına şamil etmək olmaz. Fürsətdən istifadə edib valideynlərə tövsiyə edərdim ki, buraya oxumağa göndərməzdən öncə övladlarını rus dili kurslarında yaxşıca oxutsunlar.

-Ümumiyyətlə, siz azərbaycanlı tələbələrin Ukraynada təşkilatlanması və Azərbaycan həqiqətlərinin təbliğində rolunu necə qiymətləndirirsiniz?

- Hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dövlətinin gücləndirilməsi gənc kadrların hazırlamasından asılıdır. Bu baxımdan azərbaycanlı gənclərimiz nə qədər çox xaricdə təhsil alarsa, bir o qədər yaxşıdır. Çünki xaricdə oxuyan tələbələrin dünyagörüşü, onların həyata və proseslərə baxışı Azərbaycanda oxuyan tələbələrdən bir az fərqlidir. Onlar daha açıq düşüncəli və möhkəm olurlar.Valideynlərindən uzaqda yaşayırlar, müxtəlif situasiyalarda özləri qərar verməli olurlar. Bu amil onların həyatda formalaşmasında müsbət rol oynayır. Bu gün xaricdə təhsil alan tələbələrimiz vahid bir ideya ətrafinda təşkilatlanmağa böyük maraq göstərir.. 

-Ukraynada təhsil alan tələbələr diaspor işlərində aktivlik göstərə bilirlərmi? Bu barədə hansı çətinliklər var?

- Təşkilatımızın aktivliyini nəzərə alsaq,gənclərimiz diaspor hərəkatında mühüm rol oynayır və böyük maraq göstərirlər. Məsələn, Xocalı qətliamı ilə bağlı bu il bir sıra qlobal tədbirlər həyata keçirdik.Təşkilatımız tərəfindən çap etdiyimiz “Azərbaycanın sözü” qəzetinin xüsusi buraxılışını 30 min tirajla hazırladıq. Bu qəzetin Ukrayna ictimaiyyətinə, eləcə də universitetlərdə paylanmasını tələbələrimiz üzərlərinə götürdülər. Ukraynada qış fəsli çox sərt keçir. Lakin onlar ağır hava şəraitinə baxmayaraq, bu qəzeti bir neçə gün payladılar. Universitetlərdə Azərbaycan gerçəklərini ukraynalı, eləcə də başqa millətlərdən olan tələbə yoldaşlarına çatdırdılar.

-Sizin Ukraynada thsil alan azərbaycanlı tələbələrə məsləhət və tövsiyələriniz nə ola bilər? Bu barədə ətraflı məlumat verə bilərdinizmi?

- Cəmiyyətdə sosial məsuliyyət deyilən bir anlam var. Bunun bir neçə mənası ola bilər.Suala gəldikdə, bunu belə xarakterizə edərdim. Xaricdə yaşayan və yaxud təhsil alan milli azlıq unutmamalıdır ki, öz millətinin təmsilçisidir. Onun atdığı hər bir addım təmsil elədiyi dövlətin imicinə mənfi və yaxud müsbət təsir edə bilər. Bu baxımdan tövsiyəm ondan ibarətdir ki, gənclərimiz çalışsınlar, daha aktiv olsunlar,təhsil aldıqları ölkələrdə həmin dövlətin ictimai-siyasi proseslərində fəal iştirak etsinlər. Diaspor təşkilatlarına köməklərini də əsirgəməməlidirlər. Bizim hamımızı birləşdirən bir ideya var - bu da azərbaycançılıq ideyasıdır! Bu ideya ətrafında nə qədər sıx birleşsək, o qədər qarşımıza qoyduğumuz hədəflərə tez çata bilərik.

-UABD Ukraynada yaşayan azərbaycanlıların birləşməsi üçün nə edir? 

-Bizim Kiyevdəki ofisimiz Ukraynadakı azərbaycanlılarının xidmətindədir. Biz çalışırıq ki, soydaşlarımızın bir-biri ilə əlaqəsini yaradaq, işimizi koordinasiya edək, problemlərin həllində birgə iştirak edək. Bu günə qədər məhz bu prinsiplərlə işləmişik və bundan sonra da belə olacaq. Artıq qarşımızda yeni vəzifələr də var. Hamımız bilirik ki, Qarabağ problemi ətrafında olduqca həssas proseslər cərəyan etməkdədir. İndi bizim qarşımızda duran vəzifələrdən biri də informasiya savaşında da tam üstünlük əldə etməkdir. İnanıram ki, biz bu istiqamətdə də uğur əldə edib, dövlətimizin gözləntilərini reallışdıracağıq. Dövlət bizə - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna güvənə bilər. Biz inanırıq ki, birgə fəaliyyətimiz nəticəsində daha böyük uğurlar əldə edə bilərik. Ona da inanırıq ki, bir gün Azərbaycan Prezidenti dünya azərbaycanlılarına Şuşadan müraciət edəcək.