“Ukraynadakı Azərbaycan diasporları arasında ziddiyyət var” - MÜSAHİBƏ

неділя, 21:47

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri? iqtisad elmləri doktoru, professor Rüfət Quliyev cavablandırıb:

 

- Son günlər Ukraynada təhsil alan tələbələrlə bağlı öz narahatlığınızı bildirirsiniz. Bu məsələ ilə bağlı hətta Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunlarının bəyanatı da oldu. Ukraynada oxuyan bəzi azərbaycanlıların təhsil problemlərinin kökündə nə dayanır? 
- Özüm Kiyev Milli Universitetinin məzunuyam və hazırda da həmin universitetin iqtisadiyyat fakültəsində maliyyə kafedrasının professoruyam. İldə bir neçə dəfə bakalavr pilləsinin son kurslarında təhsil alan tələbələr və magistrlər üçün mühazirələr oxuyuram. Bu, bir azərbaycanlı kimi mənim üçün fəxrdir. Həmin universitetdə oxuyan tələbələr arasında kifayət qədər azərbaycanlı var.  Onlarla dərsdən sonra da görüşürəm. Bizi 1981-ci ildə ulu öndər Heydər Əliyev SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə oxumağa göndərəndə təxminən 800-dən çox tələbə idik. Təhsil aldığımız dövrdə şərait başqa idi, sovet məkanında eyni qaydalar vardı, qəbul şərtləri fərqlənmirdi. Adətən, azərbaycanlılar üçün Ukrayna diplomları, xüsusilə Kiyev ali məktəblərindəki təhsil çox önəmli olub. Bu gün diqqət edin, Kiyev Milli Universitetinin məzunları arasında nazirlər, nazir müavinləri, deputatlar, diplomatlar, rektorlar, prorektorlar, tanınmış alimlər, AMEA-da işləyən mütəxəssislər, hüquq-mühafizə orqanlarında çalışanlar, biznesmenlər, formalaşmış şəxsiyyətlər  var. Ad çəkmək istəməzdim, həmin ali məktəbin məzunlarının əksəriyyəti həyat və karyerasını uğurla qura biliblər. Sanki ulu öndər hələ o vaxt fikirləşirdi ki, zaman gələcək Azərbaycan müstəqillik əldə edəcək və ölkəmiz üçün mütəxəssislər lazım olacaq. Bu gün Ukraynada təhsil alan tələbələrlə bağlı narahatlığımız var. Universitetdə görüşlər zamanı tələbələrimizlə bağlı təriflər də eşitmişik, əfsuslar olsun ki, şikayətlər də olub. Şikayətlər tələbələrin bilik səviyyələri, dərsə davamiyyəti, davranışları, asudə vaxtlarının keçirmələri ilə əlaqədardır. Ukraynada 500-ə yaxın ali məktəb var, bunların təxminən 75 faizi özəl tədris ocaqlarıdır. Özəl məktəblərdə xaricdən gələn tələbələrin sayı nə qədər çox olsa, buna kommersiya baxımından daha da maraqlı yanaşırlar. Çünki bir tələbədən ən azı 2 min dollar illik təhsil haqqı alırlar. Kiyev Milli Universiteti başda olmaqla dövlət universitetlərində tələbənin bilik səviyyəsi və dərsə davamiyyətinə çox ciddi baxırlar. Həmin universitetlərin rəhbərliyinə müraciət etsək, ildə təhsil səviyyəsi qənaətbəxş hesab edilməyən bir neçə tələbənin universitetdən xaric olunduğuna dair məlumat verə bilərlər. Hərdən mənə valideynlər müraciət edirlər ki, oğlumun, qızımın təhsilində problem var, nə köməklik edə bilərsiniz?

 

- Ukraynada təhsil alan azərbaycanlıların valideynləri müraciət edir?
- Müraciət edənlər burada yaşayan azərbaycanlı valideynlərdir. Deyirlər ki, siz professorsunuz, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz, məsələnin həlli üçün hansı addım ataq? Kiyev Milli Universitetinin professor-müəllim heyəti deyir ki, yadımızdadır, sizlər burada oxuyanda, tamamilə başqa gənclər idiniz. Ola bilər ki, indi də 80 faiz azərbaycanlı tələbə özünü ləyaqətli aparır, təhsili həqiqətən yüksək səviyyədir. Yerdə qalan kəsimin davranışı isə qənaətbəxş deyil. Yaddan çıxarmamalıyıq ki, xaricdəki hər bir azərbaycanlı millətimiz haqqında fikir formalaşdırır. Bizim çox fəal gənclərimiz var, həm dərslərində uğur qazanıb, milli bayramlarımızda, hüzn günlərinin ildönümünün qeyd edilməsində fəallıq göstərirlər. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla sıx əlaqə saxlayıram, görürəm ki, o, diaspor rəhbəri kimi problemlərin həllində maraqlıdır. Bildiyiniz kimi Kiyev Milli Universitetinin məzunları müraciət qəbul ediblər. Biz Hikmət Cavadovla problemlərin həllində birgə çalışırıq, o, mənə etdiyi zənglərində və görüşlərində bildirdi ki, hansı addımları proqram şəklində atmaq olar, Ukraynada yaşayan hər bir azərbaycanlı qarşılaşdığı problem barədə məlumat verəcək. Belə bir ümumi fikrə gəldik ki, diasporun gənclər işini daha da canlandırmaq üçün onlarla mütəmadi görüşlər keçirmək, universititet rəhbərləri ilə əlaqə saxlamaq lazımdır. O cümlədən diasporda  “qaynar xətt” açmaq lazımdır ki, tələbələr və onların valideynləri ora müraciət etsinlər. Həmçinin onu da qeyd etmək istəyirəm ki, tələbələr diasporun zəngin kitabxanasından da istifadə edə bilərlər.       

 

- Yeri gəlmişkən, yalnız attestatla tələbə qəbulu həyata keçirən xarici universitetlər arasında Ukrayna ali məktəbləri çoxluq təşkil edir. Hərbi xidmətdən yayındırmaq, yaxud qonşudan dala qalmamaq prinsipi ilə valideynlər övladlarını özəl təhsil müəssisələrinə göndərirlər. Nəticədə bəzi gənclər hətta rus dilini belə bilmədən Ukrayna universitetlərinə qəbul olurlar...
- Kiyev Milli Universitetində hətta 1 imtahandan kəsirə görə tələbəni xaric edirlər. Amma universitetlərin çoxu kommersiya xarakterlidir. Dövlət universitetində vaxtında imtahanını, məqbulunu verməyibsə, kredit ödəməli və yenidən imtahanda iştirak etməlidir. Özəl universitetlərdə pul xatirinə belə şeylərə göz yumulur. 1980-ci illərdə, biz təhsil aldığımız dövrdə bir gənc vardı, rus dilini bilmirdi, bu gün elmlər doktoru, professordur, hazırda Avropada məsul vəzifədə işləyir. Bu adam təhsil müddətində rus, ingilis və fransız dillərini mükəmməl öyrəndi, 4 il də universitetin əlaçılar şurasının sədri oldu. O, bizim fəxrimiz idi, çünki Kiyev Universitetinin tarixində belə şey olmamışdı ki, bir azərbaycanlı dörd il dalbadal ali məktəbdə əlaçılar şurasının sədri olsun. Yaxud  digər bir tələbə isə ora daxil olandan 13 ildən sonra bu universitetdən elmlər doktoru, professor kimi ayrılmışdı. Belə şəxsiyyətlər bizim  fəxrimizdir. Bu gün təəssüf ki, vəziyyət belə deyil. Buna görə də narahatlıq hissi keçiririk. “Qaynar xətt”in funksiyalarından biri də ondan ibarətdir ki, tələbənin həm asudə vaxtının təşkilinə, həm də işlə təmin olunmasına köməklik göstərsin. Mənim təklifimlə, gənclərlə ən azı 2 aydan bir görüşlər keçirəcəyik. Kiyevdə məşhur azərbaycanlılar var. Onlardan biri elmlər doktoru, professor Arif Quliyevdir. Onun da köməkliyi ilə gənclərlə işə yeni çalar verəcəyik. Bundan başqa universitetlərin rəhbərliyi və xarici tələbələrlə iş üzrə dekan müavinləri ilə görüş keçirəcək, azərbaycanlı tələbələrin problemlərini həll etməyə çalışacağıq. Gələcəyə böyük ümidlə baxırıq. Bu gün dinamik inkişaf edən Azərbaycana gələcəkdə mütəxəssislər lazımdır. Yaşımız 50-ni keçib, bizə verilən savadı, çəkilən xərci, əziyyəti cəmiyyətə hərəmiz ixtisaslaşdığımız sahələrdə qaytarırıq. Bu gün xaricdə oxuyan, sabah məzun olacaq azərbaycanlı bilməlidir ki, onun diplomu Azərbaycanda avtomatik olaraq tanınmayacaq. Təhsil Nazirliyinin xüsusi qərarı var, həmin qərara əsasən bilik səviyyəsi yoxlanılacaq. Ukraynada dövlət universitetini bitirənlərlə bağlı əminliyim var ki, onlar diplomu biliyi ilə alıb və diploma layiqdirlər. Özəl universitetlərdə isə sürünə-sürünə oxuyan tələbələr də var, nəyin bahasına diplom aldığını göydə Allah, yerdə valideynləri bilir. Belə adamlar sonra gəlib Azərbaycanda əmək bazarında problem yaradırlar. Onları dindirən kimi diplomu çıxaracaq ki, Ukraynada təhsil almışam, deməli, əmək bazarına müəyyən qədər təzyiq göstərəcək. Bizə elə mütəxəssislər lazımdır ki, gələcəkdə Azərbaycanın inkişafında fəal iştirak edə bilsinlər. Bu gün kənd təsərrüfatı üzrə mütəxəssislərə - baytar, zootexnik, aqronom ixtisası olan şəxslərə böyük ehtiyac var və bu sahədə kadr çatışmazlığı mövcuddur. Lənkəranda ən azı ayda bir dəfə seçicilərlə görüşürəm. Seçicilər gəlib deyir ki, diplomum var, soruşanda haranı bitirmisən, cavab verirlər ki, beynəlxalq iqtisadi münasibətləri, beynəlxalq hüququ, vergi, gömrük və s. ixtisaslar üzrə təhsil alıblar. Bir rayona bu ixtisaslardan neçə nəfər mütəxəssis lazımdır?. Əlbəttə ki, məhdud sayda. Lənkəranda neçə aydır ki, bir nəfər də olsun aqronom, aqro-texnika, elektronika, kompüter mütəxəssisi tapa bilmirik. Biri gəlib deyir ki, mühəndisəm, elektronika mütəxəssisi işləmək istəyirəm. Axı onun baza təhsili elektronika ilə bağlı deyil və təbii ki, bu sahədə işləyə bilməz. Mən övladları Ukraynada təhsil alan valideynlərə də müraciət etmək istərdim: Siz övladlarınızla daha çox və dərindən maraqlanın, problemi olanda birbaşa universitetin rəhbərliyinə müraciət edin, xarici tələbələrlə iş üzrə dekanın müavini bəlkə də sutkada 24 saat işləyir, ona və yaxud diaspora müraciət edin. Mən hətta öz şəxsi kitabxanamdan tələbələrimiz üçün Azərbaycan dilində Ukrayna diasporumuza 300-dən çox bədii kitab göndərmişəm ki, onlar ictimai həyatda da fəal iştirak etsinlər. Azərbaycanın Ukraynadakı səfiri cənab Azər Xudiyev vətənpərvər, böyük diplomatik təcrübəsi olan, təvazökar insandır. O, görüşlərdə mənə dedi ki, buradakı azərbaycanlıların problemlərini yaxın 2-3 aya həll etməyə çalışacaq. Bu gün Ukraynada istər qanunvericilik bazasında, istərsə də milli iqtisadiyyatda bərpa işləri aparılır, keçid prosesi baş verir. Müharibə gedən bölgələrdə kriminogen vəziyyət də ağırdır. İstəmirik ki, bizim gənclər qanunsuz fəaliyyət göstərən qrup və şəxslərlə əlaqədə olsunlar. Sonra bunun ağrısını valideyn çəkəcək. Biz gələcək dövr üçün iş planı hazırlamışıq, əvvəllər gənc fəallarla görüşürdük, indi isə daha da böyük qruplarla fəal işləyəcəyik. Bunu özümüzə borc bilirik. 1980-ci illərdə oxuyan bizlər, Ukraynada elə iz qoymuşuq ki, hələ də unudulmayıb. Gedəndə estafeti indiki gənclərə təhvil verdik. Gənclər onlara ötürdüyümüz krediti hələ xərcləyirlər, üstünə nə isə qoymurlar, sabah bu, tükənə bilər. Biz oxuyan dövrdə Kiyev Milli Universitetinin ən fəal tələbələrinin böyük əksəriyyəti azərbaycanlı idi. Biz Azərbaycan ictimaiyyətindən, Ukraynada təhsil alan tələbə və onların valideynlərindən dəstək istəyirik. Heç kəs problemli məsələni qaldırmaq istəmir, axı problem önə çəkilməlidir. Qoy, Azərbaycan gənclərini yaxşı alim, həkim, mexanik və digər ixtisasların biliciləri kimi tanısınlar. 

 

- Səhv etmirəmsə, Ukrayna prezidenti Petro Poroşenko ilə görüşmüşünüz, görüş zamanı azərbaycanlı gənclərin qarşılaşdığı problemləri onun diqqətinə çatdırdınız? Onun Azərbaycan və azərbaycanlılarla bağlı fikirləri necədir? 
- Cənab Poroşenkonun Azərbaycana səfəri zamanı Milli Məclisdə onu qarşılayanlardan olmuşam, onun şərəfinə verilən ziyafət məclisində də iştirak etmişəm, Milli Məclisdə görüş zamanı parlamentin sədri cənab Oqtay Əsədov çıxış üçün sözü mənə verdi, çünki qarşı tərəfdən Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Maksim Kuryaçi çıxış eləmişdi. Mən cənab Poroşenkoya müraciətimdə bildirdim ki, Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır, onlar Sizə və Ukrayna xalqına təşəkkür edirlər, çünki Azərbaycandan sonra bəlkə də ikinci belə ölkə yoxdur ki, azərbaycanlılar istər ticarət və biznesdə, istərsə də elmdə bu cür sərbəst olsunlar. Həmkarım Kuryaçi ilə birgə həmvətənlərimizi siyasi və ictimai məsələlərdə fəal olmağa səslədiyimizi söylədim. Ukrayna bizim strateji partnyorumuzdur. Orada yarım milyona yaxın azərbaycanlı yaşayır. Bu, böyük rəqəm və dəstəkdir. Biz Ukraynanı, Ukrayna da bizi bütün beynəlxalq tədbirlərdə dəstəkləyir. Baxmayaraq ki, bəzən buna görə bizə problemlər yaranır, ancaq bu dəstəyi veririk. Ukrayna xalqının və dövlətinin Azərbaycana münasibəti çox istidir. Bütün beynəlxalq tədbirlərdə Krımın Ukraynanın tərkibində olduğuna səs vermişik. Lakin Ukraynada yaşayan və təhsil alan azərbaycanlıların qarşılaşdığı problemlər də mövcuddur. Bunlar barədə mən cənab Poroşenkonun şərəfinə verilən ziyafətdə Ukraynanın yüksəkranqlı məmurlarına ətraflı məlumat  verdim və xahiş etdim ki, gələcəkdə neqativ halların baş verməməsi üçün təsirli tədbirlər görsünlər. Təbii ki, diaspora ilə işdə də problemlərimiz var. Bu problemlərin qarşısını almaq üçün çağırışım həmişə ondan ibarət olub ki, bütün diasporlar gərək birləşsin. Diaspor təşkilatının başında kimin durmasının heç bir fərqi yoxdur. Vilayətlərdəki bütün diasporlar birləşib bir nöqtədən – Azərbaycan maraqlarından çıxış eləməlidirlər. 

 

- Ukraynadakı səfirliyimiz diasporla öz işini necə qurur? 
- Təbiidir ki, bütün diaspor təşkilatları səfirliklə eyni qaydada iş qura bilməz. Ukraynada neçə səfirimiz olubsa, onların hamısı əməkdaşlığa çalışıb. Belə başa düşürəm ki, diaspor rəhbərləri özləri buna cəhd göstərməlidir. Cənab Prezidentin xarici ölkədəki xüsusi nümayəndəsi səfirdir. Səfir də deyir ki, mən görüşlərə hazıram. Azər Xudiyev şəxsən söyləyir ki, tək diaspor nümayəndələri deyil, hər bir fərdi vətəndaş üçün qapısı açıqdır. Əgər özü olmasa da, nümayəndələr səfirliyin binasında olur və vətəndaşlarla görüşə hazırdırlar. Ancaq Azərbaycan diasporları arasında  ziddiyyət mövcuddur və bu da işdə problem yaradır. 

 

- Birincilik iddiası və rəqabət birgə fəaliyyətə imkan vermir...
- Diasporlarda hamısı elə təsəvvür edir ki, güclü və birinci mənəm. Birincilik uğrunda iddia və ambisiya normaldır, amma bu formada qəbuledilməzdir. Milli maraq üçün hamı birləşməlidir. Bayram və digər tədbirləri niyə diaspor təşkilatları ayrı-ayrı keçirməlidir? Səfirimizin ətrafında birləşib milli maraqlarımızı qorumaq lazımdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət verir və bu, onun xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir.

 

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad

Теги: 
Азербайджан