AZƏRBAYCAN SƏFİRLİYİNDƏ 28 MAY RESPUBLİKA GÜNÜ İLƏ BAĞLI TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLİB

середа, 15:32

28 may 2015-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 illiyi ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyində təntənəli mərasim keçirilib. Tədbirdə fəxri qonaq qismində Ukrayna xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenko iştirak edib.

 

Azərbaycan və Ukraynanın dövlət himnlərindən sonra iştirakçılara müraciət edən səfir Eynulla Mədətli Azərbaycan Xalq Cümhuriyyəti, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın tutduğu inkişaf yolu, həyata keçirilən iri enerji və nəqliyyat layihələrindən, müxtəlif mədəniyyət, musiqi, idman tədbirlərindən, yaxınlarda keçiriləcək birinci Avropa Oyunlarından, Ukrayna ilə münasibətlərin yüksək səviyyədə olmasından, Azərbaycanın Ukraynaya verdiyi dəstəkdən və strateji tərəfdaşlıq ənənələrinə sadiq qalmasından  danışıb, bütün Azərbaycanlıları bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir keçən əsrin 90-cı illərində Azərbaycan istiqlaliyyətini yenidən əldə edəndən sonra dövlətçiliyimizin inkişafında Heydər Əliyevin müstəsna rolunu, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev kursunu uğurla davam etdirdiyini deyib. Bu gün Ukraynada bir neçə yüz min azərbaycanlının yaşadığını, təqribən səkkiz minə yaxın tələbəmizin Ukraynanın ali təhsil müəssisələrində təhsil aldığını, Ukrayna cəmiyyətinin demokratik və tolerant mühitinin, dövlətin milli-mədəni azlıqlar barədə xoş siyasətinin bu gözəl ölkədə həmvətənlərimizin qayğı və rahatlıqla təmin edilməsinə şərait yaratdığını qeyd edən Eynulla Mədətli Azərbaycanda ukrayna icmasının da ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını və dövlət dəstəyi ilə təmin olunduğunu əlavə edib.

 

Xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenko çıxışında Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd deyib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. O, Azərbaycan və Ukrayna arasında əlaqələrin strateji əməkdaşlıq xarakteri daşıdığını qeyd edərək bu münasibətlərin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu bildirib, Ukraynanın çətin günlərində Azərbaycanın verdiyi dəstəyi xüsusi vurğulayıb. Nataliya Qalibarenko iyun ayında Bakıda keçiriləcək birinci Avropa oyunlarının əhəmiyyətini, oyunlarda Ukraynadan böyük kollektivin iştirak edəcəyini də qeyd edib. Nazirin birinci müavini mərasim iştirakçılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib, Azərbaycana firavanlıq və çiçəklənmə arzulayıb.

 

Tədbirdə Ukraynada akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, beynəlxalq təşkilatların, Ukraynanın dövlət və hökumət orqanlarının yüksək vəzifəli nümayəndələri, Ali Radanın deputatları, Ukrayna silahlı qüvvələrinin, xüsusi xidmət orqanlarının generalları, Ukraynanın nüfuzlu iş adamları, tanınmış estrada ulduzları, elmi dairələrin, geniş ictimaiyyətin nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbər və fəalları, KİV nümayəndələri iştirak edib.

 

Tədbirdə qonaqlara Azərbaycan milli mətbəxinin təamları və Azərbaycan istehsalı olan içkilər təklif edilib, səfirlik və diaspor təşkilatları tərəfindən hazırlanmış kitab, jurnal və digər çap materialları, həmçinin ölkəmizdə keçiriləcək birinci Avropa oyunları ilə bağlı materiallar, bannerlər nümayiş etdirilib. Qonaqlar Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbasov və onun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan ansamblının ifasında Azərbaycan milli musiqi nümunələrini dinləyib. Tədbirdə iştirak edən Ukrayna estrada ulduzları Anna və Mariya Opanasyuk dueti könüllü olaraq Azərbaycan dilində Sarı gəlin mahnısını, həmçinin Ukrayna dilində mahnılar ifa edib.

 

Tədbir Azərbaycan, Ukrayna və Türkiyə KİV və televiziya kanalları tərəfindən geniş işıqlandırılıb. 

Теги: 
Украина