ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ KİYEVDƏ TƏNTƏNƏ İLƏ ANILIB

понеділок, 16:49

Səfirliyin təşkilatçılığı ilə mayın 10-da Kiyevin tarixi mərkəzində yerləşən Heydər Əliyev Parkında Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına çiçəklər qoyublar.

 

Səfir Eynulla Mədətli müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın xilaskarı Heydər Əliyevin ölkəmizin inkişafında və çiçəklənməsində tarixi rolunu vurğulayıb. Səfir xüsusi qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və müasir şəraitdə yeni səviyyəyə yüksəldilir. Sonra Eynulla Mədətli Azərbaycanda iqtisadiyyat, humanitar, sosial, səhiyyə sahələrində əsaslı islahatlardan, Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla aparılmasından söz açaraq vurğulayıb ki, xarici “xadimlərin” və ermənipərəst məmurların Azərbaycanda möhtəşəm kontinental idman yarışlarının keçirilməsinə mane olmaq niyyətləri puça çıxacaq. E.Mədətli bildirib ki, “Bakı-2015” Azərbaycanda Olimpiya hərəkatının inkişafının parlaq təsdiqi və əsası Ulu Öndər tərəfindən qoyulan dövlətçiliyimizin təntənəsi olacaq.

 

Səfir Heydər Əliyevin adını daşıyan gözəl parkın salınmasına görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə minnətdarlığını bildirib. O, Kiyev meriyasının ən gözəl park adlandırılan bu istirahət guşəsi Ukrayna paytaxtında akkreditə olunmuş xarici səfirliklərə nümunə kimi tövsiyə etdiyini də qeyd edib. Səfir tədbir iştirakçılarını Qələbə Günü münasibətilə də təbrik edib. 

 

Türkmənistanın Ukraynadakı səfiri Nurberdı Amanmuradov, Türkiyə diplomatik nümayəndəliyinin başçısı Yonet Can Tezel, Ali Radanın xalq deputatı Anatoli Raxanski, Ukraynanın Dağıstan icmasının başçısı Zubair Kadırxanov Azərbaycan xalqının dahi oğlundan, müasir dövrün böyük dövlət və siyasi xadimindən, Ukraynanın böyük dostundan ehtiram və hörmətlə danışıblar.

 

Sonra Heydər Əliyev Parkında Azərbaycan çayı və şirniyyatı verilib, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi “Azərbaycan” kvartetinin ifasında klassik musiqi səslənib. 

 

Теги: 
Украина