Diaspor sədri Hikmət Cavadov AYB sədri Anarla görüşdü - Foto

середа, 17:38

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşüb. AZADİNFORM xəbər verir ki, görüşdə AYB, Mahmud Kaşkari adına Beynəlxalq Fond və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu arasında Kiyevdə imzalanan əməkdaşlıq müqaviləsi müzakirə olunub. 

Görüşdə çıxış edən AYB-nin  mətbuat xidmətinin rəhbəri, Mahmud Kaşkari adına Fondunun sədr müavini Xəyal Rza birgə əməkdaşlıq məqsədilə imzalanan səndə barədə ətraflı məlumat verib. Bildirib ki, müqavilədə aybKitab layihəsində nəşr olunan kitabların Ukraynada yayımı,  aybKitab stendinin Ukraynada təşkili və açılışı, hər üç aydan bir kitabı nəşr olunmuş müəlliflərin Ukraynada imza günlərinin təşkil edilməsi və digər məsələlər öz əksini tapıb: “Bundan başqa AYB-nin ayb.tv kanalı ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporuna məxsus diaspora.tv kanalının yaxından əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi, eyni zamanda Mahmud Kaşkari adına Beynəlxalq Fond ilə ədəbi müsabiqələrin təşkil olunması da əməkdaşlıq müqaviləsində qeyd edilib”. 

Görüşdə çıxış edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov isə təmsil etdiyi qurumun məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətlinin dəstəyini dilə gətirən H.Cavadov qeyd edib ki, təşkilatın nəzdində özündə 50-dək azərbaycanlı alimi birləşdirən Alimləri Şurası fəaliyyət göstərir. “Kitab ölkələr arasında qalıcı bir faktordur” - deyən diaspora sədri əməkdaşlıq müqaviləsində nəzərdə tutulan işlərin inkişafı üçün lazımi işlərin yüksək səviyyədə reallaşacağını vurğulayıb. H.Cavadov Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən diaspor məktəbləri üçün hazırlanan kitabı AYB sədrinə hədiyyə edib: “Bu kitabı öz təşəbbüsümüzlə Azərbaycan, Rus və Ukrayn dillərində çap etdirmişik. Əgər tövsiyələriniz olarsa gələcək nəşrlərdə nəzərə alacağıq”.  

Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev isə əməkdaşlığı yüksək qiymətləndirərək hər iki quruma fəaliyyət istiqamətində uğurlar arzulayıb. 

Теги: 
Азербайджан