Türk Şurasının koordinatoru Krım qaçqınlarının sərgisində Qarabağdan danışdı

п'ятниця, 14:39

AZADİNFORM. Kiyevdə Krımdan qaçqın düşmüş insanlardan və onların həyatlarından bəhs edən  fotosərgi təşkil edilib. AZADİNFORM xəbər verir ki, tədbirdə Ukrayna ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslər iştirak edib. 
 

Sərgidə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Ukrayna üzrə koordinatoru Hikmət Cavadov Azərbaycanın da 1 milyondan çox qaçqın və məcburi köçkünün 25 ildir eyni həyatı yaşadıqlarını diqqətə çatdırıb: “Ukrayna xalqının hazırda yaşadığı problemləri ən yaxşı başa düşən dövlət və xalq bizik. Biz də illərdir erməni işğalından və separatizmindən əziyyət çəkirik. Yaxşı ki, sizin yanınızda dünya ictimaiyyəti, dövlətləri var. Amma elə həmin dünya ictimaiyyəti, xüsusən də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində işğalçıya öz yerini göstərmir və yaxud da əksinə bu məsələdə çətinlik çəkir”.
 

H.Cavadov bildirib ki, bu yaxınlarda Cenevrədə Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda Müharibə Hesabatı təqdim olunmuşdur: “Sənəddə 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və hərbi təcavüzün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiqlənir”.
 

H.Cavadov çıxışında Azərbaycanın Krım məsələsində tutduğu mövqedən danışmış və Ukraynanın ərazi bütövlüyünü BMT Baş Assambleyası səviyyəsində tanıdığını bəyan etmişdir: “Biz də diaspora və Türk Şurası olaraq bundan sonra da həm Krım, həm də Ukraynanın müharibə gedən Şərq vilayətlərindən qaçqın düşən insanlara dəstəyimizi davam etdirəcəyik”.