Ukrayna xalqı azərbaycanlıları özündən ayırmır - MÜSAHİBƏ

п'ятниця, 14:30

Hikmət Cavadov: «Krım Rusiya ərazisi elan olunsa da, oradakı təşkilatlarımızı Ukrayna təşkilatı olaraq tanıyırıq»

İstər sovet dövründə, istərsə də müstəqillik qazandıqdan sonra Azərbaycanla Ukrayna arasında olduqca isti əlaqələr olub. Ən ağrılı yerimiz olan Qarabağ münaqişəsinin həlli məsələsində də Kiyevin qeyd-şərtsiz dövlətimizə dəstək verməsi bunun bariz nümunəsidir. Hazırda yüz minlərlə azərbaycanlının rahat yaşadığı bu ölkədə həm də çox sayda diaspor təşkilatlarımız fəaliyyət göstərməkdədir. Amma məsəl var, deyərlər: sən saydığını say, gör fələk nə sayır. Rusiya Krımı ilhaq edəndən sonra bir qrup separatçını dəstəkləyərək, Donetsk və Luqanskda, eynən Qarabağ bölgəsində olduğu kimi, qondarma və quldur rejimi yaradıb və bu da bütün ukraynalılar kimi orada yaşayan soydaşlarımızı da çətin vəziyyətə salıb. Müharibənin getdikcə şiddətləndiyini və paralel olaraq çətinliklərin artdığını hiss edib, bu ölkədəki soydaşlarımızın durumu ilə bağlı yenilikləri öyrənməyə səy göstərdik və bu məqsədlə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovla həmsöhbət olduq. Gəlin birlikdə baxaq görək Hikmət müəllim nələr deyir.

- Ukraynadakı soydaşlarımız bu ölkədə yaşayan bütün əhali kimi müharibənin yaratdığı fəsadlardan əziyyət çəkir. Belə ki, son bir ildə ölkədə baş verən məlum siyasi proseslər iqtisadiyyata və ictimai-siyasi vəziyyətə mənfi təsir göstərib. Lakin iqtisadi və ictimai-siyasi böhrandan daha çox, insanların azad yaşamasını məhdudlaşdıran mövcud müharibə şəraiti vətəndaşların güzəranını pisləşdirsə də, əvəzində onlarda mübarizlik ruhunun oyanmasına, millətçilik keyfiyyətlərinin artmasına imkan yaradıb. Bu cür ab-hava ölkənin bütün vilayətlərində hökm sürməkdədir. Ukrayna xalqı böyük, tarixi imtahanla üz-üzə qalıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Kiyev şəhərindəki baş qərarqahından ölkənin müxtəlif vilayətlərində məskunlaşan soydaşlarımızla mütəmadi olaraq əlaqə saxlayırıq. Biz hər zaman soydaşlarımızın təşkilatlanmış halda qərarlar qəbul etməsinə, onların birlikdə hərəkət etməsinə çalışırıq. Bu koordinasiya funksiyasını vilayətlərdəki nümayəndəliklərimiz vasitəsilə həyata keçiririk.

- Yeri gəlmişkən, təşkilatınız və bu ölkədəki digər diaspor qurumlarımız öz-özlərini əlaqələndirə, milli maraqlarımıza dair tədbirlərdə birlik göstərə bilirlərmi?

- Ukraynada qeydiyyatdan keçən Azərbaycan diaspor təşkilatı sayıla biləcək onlarla ictimai qurum mövcuddur. Bizim üçün bu təşkilatların effektivliyi onların həyata keçirdikləri layihələrin əhəmiyyəti ilə ölçülür. Ancaq diaspor fəaliyyətində faydalılığından asılı olmayaraq, bütün təşkilatların nümayəndələrini ümummilli məsələlərdə bir araya gətirməyə çalışırıq. Məqsədimizə nə dərəcədə müfəffəq oluruq, bunu gördüyümüz işləri yaxından izləyən diaspor nümayəndələrimiz qiymətləndirə bilər.

- Ukraynanın Azərbaycandakı səfirliyi ilə əlaqəniz var? O, sizin fəaliyyətinizdən çox razıdır…

- Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mişinko kifayət qədər təcrübəli və tanınmış diplomatlardandır. Onunla tanışlığımız və işbirliyimiz neçə ildir davam edir. O, hər zaman bizim təşkilatımızı diaspor fəaliyyəti ilə məşğul olan digər ictimai təşkilatlara nümunə göstərir. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən Ukrayna diaspor təşkilatına da. Birlikdə Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunmuş film və kitab da hazırlamışıq. Cənab Mişenko Ukraynada dərc olunan “Azərbaycanın sözü” qəzetinə də müxtəlif mövzularda maraqlı müsahibələr verib.

- Bilmək maraqlıdır: diaspor təşkilatlarımız olaraq indiki vəziyyətdə bu ölkəyə hansı formalarda yardım viagra generic review edirsiniz və yardım məhsulları hansı qaydalarda toplanır?

- Təşkilatımızın bütün fəalları Ukrayna xalqının haqlı mübarizəsində obyektiv mövqe nümayiş etdirib və bildirib ki, sonadək bu yolda onlarla birlikdə addımlayacaqlar. Məhz buna görə də, yerli əhali soydaşlarımızı özlərindən ayırmır. O ki qaldı verdiyimiz dəstəyə, diasporumuz hər bir sahədə Ukraynanın lehinə fəaliyyət göstərməkdədir. Bildiyiniz kimi, Ukraynanın şərqində gedən döyüşlərdə ölkənin ərazi bütövlüyünü qorumaq uğrunda qəhrəmancasına vuruşan və şəhid olan soydaşlarımız var. Onlar millətimizin adını Ukrayna tarixinə həkk edən əsl vətən oğullarıdır. UABD-nin fəal üzvləri olan işadamlarımızın maddi dəstəyi ilə cəbhədə vuruşanlara, yaralılara, döyüş gedən Donesk və Luqansk vilayətindən qaçqın düşənlərə müxtəlif yardımlar göstərilir. Onu da deyim ki, yerli mətbuat vasitəsilə Ukrayna ictimaiyyətinə bu barədə məlumatlar çatdırılır. Təbii ki, bu da öz növbəsində diaspor fəaliyyətimizin yaşadığımız cəmiyyətə necə faydalı olduğunu təsdiqləyir. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün tanınması haqda rəsmi mövqeyi də ukraynalılarda dövlətimizə və xalqımıza böyük rəğbət oyadır.

- Yeri gəlmişkən, hazırda Ukraynada ümumi hərbi-siyasi hava necədir, bir həftə əvvəllə müqayisədə döyüşlər səngiyibmi?

- Müharibə başlayandan sonra özlərinə yer etmiş separatçılarla hansısa formada razılığa gələrək, döyüşlərin səngiməsinə, danışıqlar apararaq sülh sazişinin bağlanmasına nail olmaq imkansızdır. Çünki onlar bu mübarizədə milli maraqlardan deyil, ancaq hərbi xaosun hökm sürdüyü şəraitdə əldə edə biləcəkləri maddi maraqlardan çıxış edirlər. Sonradan xarici qüvvələrin də bu prosesin gedişatında, gizli də olsa, öz maraqlarını ortaya qoyması vəziyyətin həllini lap çətinləşdirir. Fikrimcə, separatçılıqla mübarizənin bir yolu var: istənilən qurbanların verilməsinə baxmayaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün separatçıları bir nəfər kimi məhv etmək. Bu olum, ya ölüm məsələsidir. Ukraynanın yetərincə hərbi potensialı var. Ümid edirik və çox çalışırıq ki, Ukrayna bu mübarizədən qalib çıxsın. Çünki bu qələbə tək Ukrayna üçün deyil, bölgəmizdə separatçılıqdan və süni şəraitdə yaradılmış hərbi münaqişələrdən əziyyət çəkən, işğala məruz qalan digər dövlətlər üçün də vacibdir.

- Bildiyimiz qədər separatçı bölgələr olan Donetsk və Luqanskda çox sayda soydaşlarımız yaşayır. Onların vəziyyəti necədir, heç olmaya telefonla və sairlə əlaqə saxlaya bilirsiniz?

- Krım, Luqansk və Doneskdə on minlərlə soydaşımız yaşayırdı. Onların əksəriyyəti döyüş başlayandan sonra öz ailələri ilə birlikdə Ukraynanın digər şəhərlərinə köçüblər. Doğrudur, bu gün yenə də adları çəkilən vilayətlərdə yaşayan həmvətənlilərimiz mövcuddur. Biz onların barəsində həmin ərazidə fəaliyyət göstərən nümayəndələrimiz vasitəsilə məlumatlar alırıq. Hətta mümkün olduğu qədər onlara dəstək verməyə də çalışırıq.

- Rusiyanın ilhaq etdiyi Krımdakı soydaşlarımızla əlaqələriniz davam edir, yoxsa kəsilib?..

- Krımda fəaliyyət göstərən diaspor təşkilatlarımız indi də var. Məsələn, “Vətən” təşkilatının nümayəndələri ilə telefon və internet vasitəsilə əlaqə saxlayırıq. Donetsk və Luqanskdan fərqli olaraq Krımda yaşayan insanların həyatı risk altında deyil. Ancaq buna baxmayaraq, soydaşlarımızı Krımda da ehtiyatlı olmağa və təxribatlardan qorunmağa çağırırıq. Krım bu gün de-fakto Rusiyanın ərazisi elan olunsa və krımlılara Rusiya Federasiyasının vətəndaşlığı verilsə də, biz oradakı təşkilatlarımızı Ukrayna təşkilatı olaraq tanıyırıq.

- Təəssüflə deyim ki, ara-sıra Ukraynada hansısa soydaşımıza, bu xüsusilə iş adamlarıdır, hücumlar olunur və hətta bu məsələ yüksək səviyyədə müzakirəyə də çıxarılıb. Sizcə bu hücumların məqsədi nə ola bilərdi: şəxsi problem, yoxsa Ukrayna xalqının və dövlətinin nəzərində tutduqları mövqeyi zədələmək? Yəni burada hansısa kənar əllər görünürmü?

- Əfsuslar olsun ki, bəzi soydaşlarımız vaxtaşırı öz şəxsi problemlərini milli zəmində mübahisə formatına keçirərək, məsələlərini həll etmək istəyirlər. Hansı ki, bu vəziyyətdən Rusiyayönümlü mətbuat məharətlə istifadə edirlər. Onlar bunu azərbaycanlılarla yerli əhali arasında baş vermiş qarşıdurma adlandıraraq, millətlərarası problemə çevirməyə çalışırlar. Qeyd etməliyəm ki, Azərbaycan mətbuatında da bu məsələlərin çox şişirdilməsi burada yaşayan həmyerlilərimizin ziyanınadır. Sensasiya yaymaq xatirinə məlumat hazırlayan “milli” jurnalistlərimiz Ukrayna cəmiyyətində yaratdığımız tolerant münasibətlərə, xoşməramlı əlaqələrimizə zərbə vuraraq həm burada, həm də Azərbaycanda narahatlıqlar yaradırlar. Ukraynalıların soydaşlarımıza münasibəti hər zaman loyal olub, indi də belədir. Əgər bu cür təxribatların qarşısını ala bilməsək, ukraynalıların bizə olan qardaşlıq və dostluq münasibətlərinin məhvinə imkan yaradacağıq. O ki qaldı dövlət orqanlarının bilərəkdən soydaşlarımızı incitmə məsələsinə, hamı gözəl bilir ki, Ukraynada azərbaycanlıları bütün formalarda müdafiə edəcək güclü diasporu və Azərbaycan Respublikası kimi qüdrətli dövləti var.

- Ümumiyyətlə, bu ölkədə nə qədər azərbaycanlı yaşayır və onlar dövlət və ictimai işlərdə nə dərəcədə təmsil olunurlar?

- Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır. Onların arasında millət vəkilləri, hakim, prokuror, dekan, əlliyə yaxın alim, rəssam, heykəltəraş və sair var. Onlar Ukrayna cəmiyyətinə inteqrasiya ediblər və hər iki xalqın maraqları naminə ləyaqətlə çalışırlar. Qısası, Ukraynadakı diaspor nümayəndələrimizlə fəxr etməyə dəyər.

Vüsal Tağıbəyli