Sarkisyanın petisiyasına Ukraynadakı diasporumuz da qoşuldu

вівторок, 11:22

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) da qoşuldu. AzNews.az xəbər verir ki, bu barədə məlumatı AZADİNFORM-a UABD-nin sədri Hikmət Cavadov verib. 
 
H.Cavadov bildirib ki, UABD ofisində Gənclər Günü ilə bağlı keçirilən tədbirdə Ukraynadakı aktiv gəncləri bu barədə məlumatlandırıblar: “Petisiyaya Ukrayna ictimaiyyəti, xüsusən də ziyalı təbəqənin cəlb olunması yollarını müzakirə etdik. Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının aktivlərinə necə səs verməli olduqlarını izah edən vərəqələr paylandı. Bu gündən artıq təhsil ocaqlarında da məlumat yaymağa başladıq”. 
 
Diaspor sədri irəlidəki günlərdə SMS vasitəsi ilə də ismarıc yayacaqlarını bildirib:“Hazırda SMS bankında telefon nömrələrinin monitorinqini aparırıq. Məqsədimiz petisiyaya təkcə gəncləri deyil, həm də Ukraynada yaşayan azərbaycanlılardan ibarət yaşlı nəsli də cəlb etməkdir. Düşünürük ki, bu sahədə təbliğatın coğrafi arealı nə qədər geniş olsa, ümumi işimizə də bir o qədər müsbət təsir göstərəcək”. 
 
H.Cavadov bu gün səhərdən başlayaraq aze.in.ua internet saytında petisiya ilə bağlı çağırış yayımlandığını və bu sayta bağlı sms göndərişlərin saat 12:00-dək baş tutacağını bildirib.