"Diasporun işini görməyənlər problemi özlərində axtarsınlar" - Müsahibə

понеділок, 19:27

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini  Murad Cəfərov Ukrayna azərbaycanlılarının diaspor fəaliyyəti, görülən işlər və gələcək planlar barədə Azadinform-a müsahibə verib. 
 
- Murad bəy, ümumiyyətlə diaspor fəaliyyətini necə xarakterizə edərdiniz. Bu işin sosial-fəlsəfi mahiyyəti sizin üçün hansı mənanı ehtiva edir?
 
- Əfsuslar olsun ki, azərbaycanlıların diaspor hərəkatını dərketmə prosesinin özü son illərdə meydana gəlmişdir. Bildiyiniz kimi, diaspor hərəkatı ictimai-siyasi prosesdir. 
Bu işlə məşğul olmağa başladığın ilk gündən etibarən o, həyat tərzinə çevrilir. Məlumdur ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır. Yəqin ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı  daha güclü olur. O insanlar daha emosional olurlar, Vətənə xidməti hər şeydən önə çəkir, hansı peşə sahibi olmağından, maliyyə durumundan asılı olmayaraq milli məsələ olan diaspor fəaliyyəti onlar üçün ən vacib amala çevrilir. Özü-özlüyündə ən vacib şərt Vətənə bağlılıq, torpaq sevgisi olsa da, peşəkar səviyyədə fəaliyyət  üçün  bu amil yetərli deyil. Məsələn, YUNESKO-nun məlumatına görə, dünyada hazırda 40 milyondan  çox  azərbaycanlı yaşayır. Ukraynada yaşayan soydaşlarımızın sayı isə YUNESKO statistikasında təxminən 1 milyon göstərilir.  Amma bu insanların heç də hamısı diaspor fəaliyyətində özünü görmək istəmir. Çünki tarixi yurdundan uzaqda yaşayan soydaşlarımızın miqrant  səviyyəsindən diaspor formatına keçməsi ancaq təşkilatlanma prosesindən keçir. Təşkilatlanma isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün sistemli şəkildə görülən  işlərin toplusudur. Yəni, ancaq təşkilatlanmış  toplum  istənilən  ciddi layihəni həyata keçirmək üçün qüvvə sayıla bilər. Bu baxımdan son zamanlar Ukraynada gedən demokratikləşmə prosesi çoxsaylı diaspor  üzvlərimizin  də yüksək  aktivliyinə  təsir etdi. 
 
- Ukrayna ilə sizi nə birləşdirir, yaşamaq və işləmək üçün niyə məhz bu ölkəni seçdiniz?
 
- Ukraynaya biznes qurmaq üçün gəldim. Avropanın tanınmış istehsalat şirkətlərindən birinin bu ölkədəki nümayəndəliyinə rəhbərlik edirəm. Eyni zamanda iqtisadiyyat ixtisası üzrə aspiranturada elmi fəaliyyətlə məşğulam. 
Diaspor hərəkatına sonradan qoşulsam da, hal-hazırda həyata keçirdiyim ictimai-siyasi aktivliyim mənim üçün biznes fəaliyyətindən, əldə edə biləcəyim istənilən maddi resurslardan irəlidir. 
Hazırda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini vəzifəsində çalışıram. Düşünürəm ki, ictimai fəaliyyətlə məşğul olarkən cəmiyyətə daha faydalı oluram. 
Hazırda qarşımızda duran ən vacib məqsəd  Ukraynada yaşayan, fəaliyyət göstərən soydaşlarımızın milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir.
 
Bu günlərdə Azərbaycanın tanınmış saytlardan biri ölkəmizin xaricidəki diaspor təşkilatlarının hansının daha aktiv fəaliyyət göstərdiyini müəyyənləşdirmək üçün sorğu keçirirdi. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bu sorğuda liderlik edirdi…
 
- Bizim təşkilatın liderliyi təsadüfi deyil. Əvvəla, UABD Ukraynada ümümukrayna ictimai təşkilatı status olan və məhsuldar iş aparan yeganə diaspor təşkilatıdır. Ukraynanın bütün vilayətlərində təşkilatımızın nümayəndəlikləri var. Bundan başqa, ilk dəfə olaraq diaspor fəaliyyəti ilə məşğul olan 17 müstəqil ictimai təşkilat da UABD-nin bayrağı altında birləşərək diasporda inhisarçılıq siyasətinə son qoyulmuş, təşkilatın idarə olunmasında ictimai fəal liderlərin hər birinə səs hüququ verilmişdir. 
İldə dörd dəfə yüzlərlə diaspor fəalının, xüsusən də ziyalıların, ictimaiyyətin və iş adamlarının iştirakı ilə “Diasporun inkişaf perspektivləri” mövzusunda forumlar keçiririk. Bu forumlarda diasporumuzun aktual problemləri və onların həlli yolları müzakirə olunur, növbəti iş planı təsdiqlənir.
Təşkilatımızın beyin mərkəzi olan Alimlər Şurasında Ukraynada yaşayan 50-yə yaxın azərbaycanlı alimlərimiz də təşkilata və ümumilikdə diaspor hərəkatına öz töhfəsini verir. Təşkilata Ukraynanın əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Arif Quliyev rəhbərlik edir. Alimlərimizi bir araya gətirən Ukrayna Azərbaycanlıları Alimləri Şurası da diaspor nümayəndələrimizin maariflənməsi məsələlərinin həlli üçün xüsusi proqramla hazırlayır.  
Bütün bu sadaladığım işlər və digər şəffaf fəaliyyətimiz diaspor təşkilatımızın  liderliyini şərtləndirən başlıca amillərdəndir. 
 
- Amma etiraf edək ki, UABD-ni fəaliyyətsizlikdə ittiham edənlər də var. Bu haradan qaynaqlanır, bəlkə gördüyünüz işləri ictimailəşdirə, piarını düzgün qura bilmirsiniz?
 
- Əvvəla, biz diaspor fəaliyyətimizi kiməsə xoş gəlmək üçün qurmuruq. Bizim  stabil, düzgün strategiyaya əsaslanan fəaliyyət proqramımız var. Ukrayna və Azərbaycan mətbuatı ilə də çox gözəl münasibətlərimiz var. UABD-ni ittiham edən çox az insanlar tapılar ki, əlbəttə, onların da sırasında  istər Azərbaycanda, istərsə də Ukraynada fəaliyyət göstərən media mənsublarıdırlar. Ukraynadakıları yenə də başa düşmək olar, onlar UABD-nin Azərbaycan naminə fəaliyyətini qısqanırlar, amma öz ölkəmizin bəzi media mənsublarını başa düşə bilmirik.  Bəlkə də elə onlar da Ukraynada başlanan bu “zəif halqa”nın bir tərəfidirlər. 
Təşkilatımızın nəzdində səkkiz Azərbaycan dili məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə tədris vahid metodoloji proqram əsasında və xüsusi dərsliklə  aparılır. Məktəblərin müxtəlif vilayətlərdə fəaliyyət göstərməsi bu ölkədə yaşayan azərbaycanlı uşaqların Azərbaycanın tarixini, mədəniyyətini, dilini öyrənməsi üçün həyata keçirilən ən vacib layihələrdəndir.
Ukrayna ictimaiyyətinə Azərbaycan gerçəkliklərini çatdıran çap orqanlarımız da kifayət qədər uğurlu iş aparır. Qəzetlərimiz bütün vilayətlərdə pulsuz paylanır və oxucuları maraqlı materiallarla təmin edir. Onların içərisində ən tanınmışlardan “Slovo Azerbaycana” və “Oqni Azerbaycana” qəzetlərini xüsusi vurğulamaq olar.   
Soydaşlarımızın hüquqlarını qorumaq üçün Hüquq klinikası da fəaliyyət göstərir. Klinikada tanınmış hüquqşünaslarımız həmvətənlərimizin dövlət orqanlarında mənafelərini müdafiə edirlər.
Bu il ən qlobal layihəmiz olan internet televiziya – Diaspora TV  fəaliyyətə başladı. Televiziyamızı yaxın illərdə peyk vasitəsilə yayımlamaq planlarımıza daxildir. Dünyanın bütün ölkələrində yaşayan Azərbaycanlıları birləşdirəcək Diaspora TV qısa zaman kəsiyində böyük tamaşaçı auditoriyası toplayıb. 
Yəni bütün bu kimi işləri sadalamaqla bitməz. Biz bir diaspor təşkilatının edə biləcəyindən də artıq iş görürük. Əgər kimlərsə bunu görmürsə, artıq problemləri özlərində axtarmalıdırlar. Hamısının canı sağ olsun.
 
- UABD-nin gənclər siyasəti də fərqlidir, yəni aktivsiniz, bu sahədə daha hansı işləri planlaşdırırsız?
 
- Diasporumuz gəncləri birləşdirərək düzgün, təşkilatlanmış şəkildə iş aparmaq üçün  zəruri addımlar atıb. İlkn növbədə Ukraynada yaşayan və təhsil alan gənc soydaşlarımızın təşkilatlanmasına lazımi dəstək vermişik. Bunun nəticəsi olaraq kollektivimizin gənc fəalları tərəfindən Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) təsis olundu. Fəaliyyətində dövlətçilik ideyasını rəhbər tutan ÜAGT cəmiyyətə faydalı layihələri ilə rəğbət qazanmış təşkilatlardandır. Təşkilatın rəhbəri Elsevər Paşayev UABD-nin də aparıcı şəxslərindəndir.
 
Azərbaycanın dövlət qurumları ilə münasibətləriniz fəaliyyətinizə nə kimi müsbət təsir göstərir?
 
- Bu gün xaricdə yaşayan həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərir. Düzdür, əvvəllər  bu meyl mövcud deyildi. Çünki soydaşlarımız Azərbaycan dövlətinin dəstəyini və marağını hiss etmirdilər. Belə olan təqdirə hamı öz işi ilə məşğul idi. Amma bu gün sözün əsl mənasında belə bir dəstək var. Dünyada Azərbaycan diaspor təşkilatlarının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və qüvvəyə minən “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında” Qanunun müstəsna rolu oldu. Bu qanun xaricdə yaşayan soydaşlarımızın qarşısında çox böyük perspektivlər açır və onların milli mənafe ətrafında daha sıx birləşməsinə stimul verir. Bunun ardınca Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ideyası vaxtında atılmış addım idi. 
Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq edirik. Səfirimiz Eynulla Mədətli başda olmaqla diplomatik korpusumuzun nümayəndələri apardığımız bütün işlərdə bizə lazımi dəstək verir. Bu əməkdaşlığımız istədiyimiz nəticələrin əldə olunmasına müsbət təsirini göstərir. 
 
- Adətən diaspor təşkilatlarımız rəhbərləri ilə güclü görünürlər. Sizdə vəziyyət necədir?  
 
- Əlbəttə, sizinlə razıyam, güclü təşkilat güclü liderlə formalaşır. UADB sədri Hikmət Cavadov gəncdir, enerjilidir, daha yeni layihələrin reallaşdırılmasına can atır. Məqsədimiz Azərbaycanın adının hər yerdə yaxşı mənada çəkilməsinə nail olmaqdır. Bu yolda bizi eyni təşkilatda birləşdirən güclü ideologiya - azərbaycançılıq ideologiyası var. Ümummilli liderin banisi olduğu azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının konsolidasiyasında, milli mənlik şüurunun tamamlanmasında və milli özünüdərk qabiliyyətinin yüksək mərhələyə gəlib çatmasında önəmli rolu danılmazdır. Millətimiz Ulu öndərin azərbaycanlıları bir amal uğrunda birləşdirən bu nəhəng azərbaycançılıq missiyasını lazım olduğu qədər qiymətləndirir, onun əhəmiyyətini zaman keçdikcə daha aydın və dərindən dərk edir. Bu gün də onun millətimiz üçün qoyduğu bu sarsılmaz yolla inamla irəliləməkdəyik.
Dövlətimizə bağlı olan vətənpərvər insanlar bir araya gələrək məlum ideya ətrafında təşkilatlana biliblərsə, bu ictimai-siyasi qüvvədən həm Azərbaycanımız, həm də, Ukrayna dövləti yararlanacaq.
 
- Son vaxtlar Ukraynada baş verən hadisələr sizin də fəaliyyətinizə bu və ya digər mənada mənfi təsir göstərməyə bilməz. Vəziyyət necədir? 
 
- Haqlısınız. Ukraynada hakimiyyət dəyişikliyinin ardınca baş verən müharibə bu ölkədə iqtisadi böhranla nəticələndi. Milli valyuta öz dəyərini iki dəfə itirdiyindən bütün biznes sahələri bundan zərər çəkir. İş adamlarının biznesinə mənfi təsir göstərməyinin səbəblərindən biri də insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Düşünürəm ki, yeni hakimiyyətin verdiyi vədlər reallaşarsa, yaxın bir neçə ildə Ukraynanın iqtisadi vəziyyəti stabilləşəcək. Təbii ki, bu arada separatizm meylləri də aradan qaldırılmalı, sabitlik əldə olunmalıdır. 
Теги: 
Украина