KİYEV MİLLİ TEXNOLOGİYA VƏ DİZAYN UNİVERSİTETİNDƏ UKRAYNA-AZƏRBAYCAN MƏDƏNİYYƏT TƏHSİL MƏRKƏZİ AÇILMIŞDIR

понеділок, 19:18

9 dekabr 2014-cü il tarixində Kiyev Milli Texnologiya və Dizayn Universitetində Ukrayna-Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzi açılmışdır. Mərkəz Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti İsgəndər Zamanovun təşəbbüsü və şəxsi vəsaiti, səfirliyin, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının və universitetin dəstəyi ilə açılmışdır.

Açılış mərasimində səfir Eynulla Mədətli, İsgəndər Zamanov və KMTDU-nun rektoru İvan Qrişşenko mərkəzin təntənəli açılışının rəmzi olan qırmızı lenti kəsdikdən sonra tədbirin çoxsaylı iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Odlar Yurdunun qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edən geniş çap məhsullarının və rəqəmsal məhsulların təqdim edildiyi stendlər və kitab rəfləri ilə, milli musiqi alətləri və s. ilə böyük maraqla tanış olmuşlar.

 

Sonra Elmi Şuranın zalında rektor İvan Qrişşenko giriş nitqi ilə auditoriyaya müraciət etmişdir. O, toplaşanları 85 yaşı tamam olan bu ali məktəbin şanlı tarixi və gözəl ənənələri ilə tanış edərək bildirmişdir ki, hazırda universitetdə 132 azərbaycanlı təhsil alır. Bu, ali məktəbin xarici tələbələrinin 48 faizi deməkdir. Rektor demişdir. “Əminəm ki, 2015-ci ildə Azərbaycandan olan tələbələrin sayı 200 nəfərə çatacaq”. O, azərbaycanlı tələbələrə göstərdikləri dəstəyə və KMTDU-da belə bir gözəl mərkəzin açılışına görə ölkəmizin səfiri E.Mədətliyə və İ.Zamanova minnətdarlığını bildirmiş, onlara universitetin fəxri fərmanlarını təqdim etmişdir.

 

Səfir Eynulla Mədətli xoş məramına və ölkəmizdən olan tələbələrə göstərilən diqqətə görə rektora təşəkkür etmiş, Azərbaycanda Prezident İlham Əliyevin bütün sahələrdə, o cümlədən tikinti sahəsində həyata keçirdiyi dərin islahatlardan söhbət açmışdır. O demişdir: “Azərbaycan möhtəşəm tikinti meydançasıdır, burada müasir olimpiya idman obyektləri, yaşayış binaları, tibbi mərkəzlər, mehmanxanalar tikilir, infrastruktur yaradılır. Buna görə də bizə müvafiq profilli gənc mütəxəssislər lazımdır, deməli, ölkəmizin KMTDU-nun məzunlarına ehtiyacı olacaq”.

Səfir həmçinin bildirmişdir ki, Ukraynanın Əməkdar Təhsil İşçisi, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyevin təşəbbüsü ilə Kiyevdə Ukraynanın Azərbaycanlı Alimlər İttifaqı yaradılmışdır, digər profil strukturlar da yaradılacaq. Səfir KMTDU-nun kitabxanasına Azərbaycan haqqında səfirliyin Ukrayna dilinə tərcümə etdiyi çox sayda ictimai-siyasi, elmi ədəbiyyat, habelə nəfis tərtibatlı “Azərbaycan xalçaları. Qarabağ qrupu” nəşrini hədiyyə etmişdir.

 

Professor Arif Quliyev bildirmişdir ki, KMTDU-da artıq neçə illərdir ki, Bakılı xanım – dizayn fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Mariya Kolosniçenko çalışır. A.Quliyev də öz kitablarını rektora təqdim etmişdir.

 

Ukrayna elm və təhsilinin ağsaqqalı, KMTDU-nun keçmiş rektoru Dmitri Qolovko Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə və görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyeva ilə unudulmaz görüşlərini həyəcanla xatırlamışdır.

 

UABD-nin sədri Hikmət Cavadov, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri İrina Qaqarina və başqaları mərkəzin açılışı münasibətilə toplaşanları təbrik etmişlər.

 

Sonra konsert olmuşdur. “Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universitetinin tələbəsi İrina Poteruk Azərbaycan dilində “Sarı gəlin” mahnısını ifa etmiş, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasının tələbəsi Vüqar Abbasov Müslüm Maqomayevin “Dəniz, dəniz” mahnısını oxumuşdur. Tatyana Kislyakın rəhbərlik etdiyi “Çervona kalina” xalq mahnı ansamblının ifasında Ukrayna melodiyaları səsləndirilmişdir.

Mərkəzin açılış mərasimində Azərbaycan səfirliyinin, BMT-nin Kiyevdəki nümayəndəliyinin əməkdaşları, KMTDU-nun professor-müəllif heyəti və tələbələri, Təhsil və Elm Nazirliyinin, diasporumuzun, Azərbaycan və Ukrayna KİV-lərinin nümayəndələri iştirak etmişlər.

Теги: 
Украина