“Ukraynada diasporumuzun internet televiziyası olacaq”

неділя, 23:23

Hikmət Cavadov: “Hər bir diaspor təşkilatımızın gördüyü işlər Azərbaycanın maraqlarına xidmət etməlidir”

Dünyada Azərbaycan diasporu Rusiyadan sonra ikinci olaraq ən çox Ukraynada məskunlaşıb. Hazırda Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Bu soydaşlarımız vahid ictimai qüvvə şəklində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ətrafında birləşir. Qeyd edək ki, hüquq elmləri namizədi Hikmət Cavadovun rəhbərliyi altında fəaliyyət göstərən UABD-da 40-dək Azərbaycan diaspor təşkilatı təmsil olunur.
-Hikmət müəllim, öncə oxucularımıza özünüz haqda məlumat vermənizi xahiş edirik.
- Mən 1982-ci ildə Bakı şəhərində doğulmuşam. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirdim. 2002-ci ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirdim. BDU-da oxuduğum dövrdə Azad Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə seçilərək 5 il bu vəzifədə çalışdım. Bu dövrdə rektorun əmri ilə fakültə elmi şurasının üzvü olmuşam. Əyani formada təhsil almaq üçün 2004-cü ildə Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə qəbul oldum, 2008-ci ildə elə həmin institutda dissertasiya işi müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini aldım. Hazırda həmin institutun Doktorantura şöbəsində elmi fəaliyyətimi davam etdirirəm.
- Siz Azərbaycanı Ukraynada tanıtmaq üçün hansı layihələr həyata keçirirsiniz? 
- Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu 2012-ci ildə yaradılıb. Hazırda Ukraynanın bütün vilayətlərində bizim nümayəndəliklərimiz var. Təşkilatın dörd qəzeti var. Qəzetlərimiz həm Ukrayna, həm də Azərbaycan dillərində çap olunur. Bundan başqa bir neçə internet resursumuz var. Yaxın zamanlarda bizim “Diaspora TV” adlı internet televiziyamız fəaliyyətə başlayacaq. Təşkilatın nəzdində “Azərbaycan” ansamblı fəaliyyət göstərir. UABD tərəfindən bir neçə vilayətlərdə Azərbaycan məktəbləri açılıb. 
Azərbaycan gerçəkliklərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində saysız layihələr həyata keçirmişik. Biz Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş sənədli filmlər çəkirik. Bununla bağlı Ukrayna Yazıçılar Birliyi ilə bir neçə layihəmiz var. Bundan başqa Ukrayna-Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı tədbirlər keçiririk. Eyni zamanda Ukraynanın ictimai-siyasi həyatında aktivlik göstəririk. Ukraynanın tarixinə aid tədbirlərdə iştirak edirik. Təşkilatımız tərəfindən Ukraynada Azərbaycan haqqında yetərincə məlumatlar yayılır. 
Cəmiyyətə informasiya əsas KİV vasitəsilə çatdırılır. Biz öz fəaliyyətimizdə Ukrayna mediasında da təbliğatın aparılmasına üstünlük veririk. Buna görə, Ukrayna KİV nümayəndələri ilə sıx əlaqə saxlayırıq. 
-Ukraynadakı Azərbaycan diasporunun həmrəyliyi necədir? 
- Ukrayna ərazisi böyük olduğu üçün bizim təşkilatların da əhatə dairəsi genişdir. Burada bir neçə diaspor təşkilatı var. Bunlar da demokratik prinsiplərə söykənərək fəaliyyət göstərirlər. Belə şəraitdə də əlbəttə ki, fikir ayrılığı olur. Bu da sırf bəzi tədbirlərin təşkili, işin hansı yöndə aparılması ilə bağlı ola bilər. Amma ümummilli maraqlarımız eynidir. Yəni milli maraqlar uğrunda hər zaman birik. Ümumilikdə hər kəs öz işini layiqincə görür. Düşünürəm ki, hər bir milli diaspor təşkilatının gördüyü işlər Azərbaycanın maraqlarına xidmət etməlidir. Həmrəylik, tək bayram günlərində olmur. Xalqın çətin, ağır günlərində də nəzərə çarpır. Biz hər zaman Ukrayna xalqının yanındayıq. Eləcə də Ukrayna dövləti də hər zaman Azərbaycan diaspor təşkilatlarına dəstək verir. 
-Tədbirlərinizə yerli xalqın nümayəndələri cəlb olunurmu? 
- Biz bütün tədbirlərimizə daha çox Ukrayna tərəfdən qonaqlar dəvət edirik. Hətta tədbirlərimizin bir çoxunu Ukrayna dilində keçiririk. 
-Diaspor sahəsində görülən işlər lazımi effekt verirmi?
- Biz, işin effektivliyini faktlarda görürük. Məsələn, bu yaxınlarda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birgə Moskvada “Cəhənnəmi görmüş pilot” adlı bir filmin təqdimatını keçirdik. Film Xocalı qətliamına birbaşa şahid olan pilotlardan biri Leonid Markoviçlə müsahibə formatında çəkilib. Filmdə ermənilərin Xocalıda törətdiyi soyqırımından bəhs olunur. Bizim fikrimiz var ki, həmin pilotu Azərbaycana dəvət edək. Azərbaycanla yanaşı digər ölkələrdə də bununla bağlı tədbir keçirəcəyik. Həmin tədbirlərdə yerli ictimaiyyəti, KİV nümayəndələrini də dəvət edəcəyik. Yəni əsas başqa xalqların nümayəndələrinə göstərmək istəyirik ki, Xocalı soyqırımını ermənilərin törətməsini tək azərbaycanlılar demir. 
Ümumiyyətlə, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif tədbirlər keçiririk. Ukrayna ictimaiyyətinə Azərbaycan həqiqətlərini olduğu kimi çatdırırıq. Əlbəttə ki, bu da Ukrayna elitasında dürüst, obyektiv fikir oyadır. 
- Digər ölkələrdəki diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Biz Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edirik. Bu tədbirlərdə əlbəttə ki, başqa ölkələrdə fəaliyyət göstərən həmkarlarımızla görüşürük. Çalışırıq ki, birgə işlər görək. 
Fuad Hüseynzadə

Теги: 
Украина