Ukraynalı deputat: "Qarabağ əməkdaşlıq üçün vacib meydança ola bilər"

субота, 00:00

"Azərbaycan azad etdiyi torpaqların bərpasına böyük diqqət ayırır".

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Bakıya səfərinin nəticələri ilə bağlı feysbuk səhifəsində yazıb.

O, Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib: “Çox mövzularda söhbətlər aparılıb, çoxlu ideya və planlar var. Lakin bütün bu istiqamətləri Azərbaycanın 2020-ci ilin payızında müharibə yolu ilə azad etdiyi ərazilərin bərpası ilə bağlı strateji məqsədi birləşdirir. Ukrayna üçün burada ərazilərin reinteqrasiyası proqramlarına uyğunlaşmaq və təcrübə qazanmaq imkanları yaranır”.

L.Marçenko Bakıda keçirdiyi görüşlərdə iqtisadi sahədə qarşılıqlı münasibətlərin inkişafının müzakirə edildiyini bildirib: “Azərbaycan azad etdiyi torpaqların bərpasına böyük diqqət ayırır. Bu da ölkələrimiz arasında əməkdaşlıq üçün vacib meydança ola bilər. Azərbaycan investorlarımıza güzəştlər təqdim etməyə və danışıqlar aparmağa hazırdır”.

Ukraynalı deputat iki ölkə arasında ticarət əlaqələrinin də müzakirə olunduğunu vurğulayıb: “Azərbaycan Ukrayna, Ukranya isə Azərbaycan üçün maraq kəsb edən məhsullara malikdir. Artıq Ukrayna-Azərbaycan beynəlxalq media platforması” vasitəsilə rəsmi Bakı və Kiyev arasında informasiya sahəsində fəal əməkdaşlığa başlanılır”.

Lyudmila Marçenko Bakıya səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdüyünü qeyd edib. O, həmçinin Azərbaycanla əlaqələrin dərinləşdirilməsində göstərdiyi köməyə görə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadova öz minnətdarlığını bildirib.

https://report.az/xarici-siyaset/ukraynali-deputat-qarabag-emekdasliq-ucun-vacib-meydanca-ola-biler/?fbclid=IwAR3ARCXUUSKikR__79tieoIwBTTm0pin1oVEmVCPzwwD5vwgYe_3V2Blb6E

Теги: 
Украина