Ukrayna azərbaycanlıları Həmrəylik Günü ərəfəsində toplanıb

вівторок, 00:00

Kiyevdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib, 31 Dekabr Həmrəylik Günü ilə bağlı bayram tədbiri baş tutub.

Komitə rəsmiləri və Ukrayna Azərbaycanlıları Radasının (UAR) İdarə Heyətinin üzvləri əvvəlcə Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edib, əklil və gül dəstələri düzüblər.

Sonra komitə rəsmilərinin iştirakı ilə UAR-nın İdarə Heyətinin iclası keçirilib, qarşıda duran vəzifələr müzakirə edilərək yeni qərarlar qəbul olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və UAR-ın təşkilatçılığı ilə Ukraynanın müxtəlif bölgələrində azərbaycanlıları ilə görüş keçirilib.

Görüşün moderatoru UAR-ın Baş katibi Ceyhun Məmmədov soydaşlarımızı birləşdirən dəyərlər, milli birlik və həmrəylik ideyalarından söhbət açdı.

DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli bildirdi ki, builki görüşün önəmli fərqi odur ki, ötən il Azərbaycan müzəffər Ali Baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfər çalan ölkənin nümayəndələri olaraq baş tutur. Komitə rəsmisi daha sonra həm pandemiya dövründə, həm də Vətən müharibəsi dövründə görülən işlərdən danışıb. Ümumilikdə bu dövrdə dünyada Azərbaycan həqiqətləri naminə 500-dən çox aksiyanın baş tutduğunu deyən D.Rəcəbli vurğulayıb ki, burada komitə sadəcə dəstəkçi olub: “Əsas missiya dünyadakı diaspor təşkilatlarının üzərinə düşüb”. 

Aparat rəhbəri onu da bildirib ki, komitənin əsas amalı dünyadakı, o cümlədən də Ukraynadakı azərbaycanlıların güclü birliyidir.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin isə Ukraynadakı azərbaycanlıların son illər daha da güclənən birliyindən danışaraq bildirib ki, Azərbaycanın 30 illik işğala son qoyması, qalib ölkə imicini qazanması dünyadakı azərbaycanlılar kimi bu ölkədə də onlara böyük stimul verir.

Radanın digər həmsədri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov isə çıxış edərək Vətən müharibəsi dövründə azərbaycanlıların Ukraynada fəaliyyətindən, qalib Azərbaycan ordusunun diaspora verdiyi stimuldan danışıb. O qeyd edib ki, bu gün Ukrayna azərbaycanlılarının birliyi bu qələbənin daimiliyi uğrundadır.

Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov isə qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ulu öndər Heydər Əliyevin daim arzusu olub. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu birliyin sayəsində Azərbaycanın qalib ölkəyə çevrilməsini xatırladaraq qeyd edib ki, bütün azərbaycanlıları daim bu birliyi qorumağa çağırır.

Digər çıxışçılardan Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev təkliflərini səsləndirərək diasporun postmüharibə dövründəki fəaliyyətinə diqqət çəkdi.

UAR-ın gənclər təşkilatının rəhbəri Vaqif Nağıyev, Poltava üzrə rəhbəri Füzuli Qənbərov, Nikolayev şəhər sovetinin “Xalqın xidmətçisi” partiyasından deputatı Ramil Ağabəyov və digərləri çıxış edərək təklif və niyyətlərini açıqlayıblar.

Görüşün ardınca müxtəlif bölgələrdən gələn azərbaycanlıların da qatıldığı Həmrəylik Günü il bağlı bayram konserti keçirilib. Konsertdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukrayna Xalq artisti Qurban Abbasov, müğənni Nataliya Kudryaşova və Vaqif Nağıyev çıxış edib.

 

 

 

Теги: 
Украина