Ukraynanın azərbaycanlı “diplom ovçuları” (FOTO)

воскресенье, 23:03

“Mən Ukrayna ali məktəblərinin vəziyyətindən narahatam, çünki təhsil ocaqlarının 3-cü və ya 4-cü kurslarında oxuyan elə azərbaycanlı tələbələr var ki, rus və Ukrayna dillərində iki kəlmə söz bilmir. Bu halın özü Ukraynanın təhsil sisteminin imicinə xələl gətirir. Azərbaycan da nəticədə bilik səviyyəsi aşağı olan mütəxəssis əldə edir".

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov A.A.Boqomoles adına Milli Tibb Universitetinin yeni seçilmiş rektoru Yekaterina Nikolayevna Amosova ilə görüşü zamanı deyib. 

Onun sözlərinə görə, bu cür neqativ hallarla mübarizə aparılmalı və cəmiyyət üçün layiqli və peşəkar kadrlar yetişdirilməlidir.

"Məzunların kəmiyyəti yox, keyfiyyəti bizi maraqlandırmalıdır. Bizə “diplom ovçuları” lazım deyil”, - deyə Hikmət Cavadov bildirib. 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri görüşdə rus və Ukrayna dillərini yaxşı bilməyən tələbələrin bu ölkənin ali məktəblərinə qəbul edilməməsini təklif edib. O, bunu belə əsaslandırıb ki, bu addımlar azərbaycanlı tələbələrin çalışqanlığını artıracaq, universitetə daxil olarkən bir stimul yaradacaq və Azərbaycan cəmiyyəti üçün yüksək səviyyəli peşəkarların yetişməsinə yardımçı olacaq. 

Yekaterina Amasova öz təəccübünü gizlətməyərək etiraf edib ki, adətən ona tamamilə əks fikirli tələblərlə müraciət edirlər. O, bu təkliflərə müsbət yanaşaraq, öz növbəsində ədalətli və düzgün gəbul naminə Azərbaycan diasporunun da qəbul imtahanlarında iştirakını təklif edib. 

Hikmət Cavadov bu cür səmimi görüşə görə təşəkkür edib və bildirib ki, Yekaterina Amosova öz xələfinin idarəçiliyi zamanı baş qaldırmış neqativ nöqsanlarla ciddi mübarizə aparacaq. 

Diaspor rəhbəri yeni seçilən rektoru təbrik edib və universitetə xaricdən, əsasən də Azərbaycandan tələbələrin qəbul edilməsinin inkişaf dinamikası və üsulları ilə bağlı bir sıra təkliflər irəli sürüb. 

ANS PRESS 

Теги: 
Изображение
Украина