Ukraynada həbs olunan azərbaycanlı qazinin məhkəmə iclası keçirilib

пятница, 00:00

Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, məhkəmə iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad, UABD-nin İdarə Heyətinin üzvləri və fəalları, Azərbaycan səfirliyinin nümayəndəsi Samir Allahverdiyev iştirak edib.
 
Hikmət Cavadın özünün bildirdiyinə görə, məhkəmə iclası başlamazdan əvvəl o, hakim Aleksandr Tixanski ilə görüşüb və onu Misir Qasımlıya açılan cinayət işinə uzun müddət baxılması faktı ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin narahatlığı barədə məlumatlandırıb.
 
“Məhkəmə prosesində birbaşa çıxışımda bir daha hakimdən xahiş etdim ki, Misir Qasımlı ikinci Qarabağ müharibəsi veteranı kimi diasporumuz üçün çox dəyərli olduğu üçün mənim məsuliyyətimlə zaminə buraxılsın. Vurğuladım ki, əgər prokurorluq hər məhkəmə iclasında iş üzrə birbaşa sübutları məhkəməyə təqdim edə bilmirsə, məhkəmə prosesinin artıq 15 aydır uzadılması yolverilməzdir. Bununla bağlı məhkəmə prosesinin sürətləndirilməsini xahiş etdim”, - deyə Hikmət Cavad bildirib.
 
Onun sözlərinə görə, hakim zərərçəkmiş şəxs qismində çıxış edən İspaniya vətəndaşının məhkəmə prosesdə iştirak etməsi ilə bağlı dövlət ittihamçısına və zərərçəkənin vəkilinə oktyabrın sonuna qədər vaxt verib və əks halda sübutların yetərincə olmamasına görə işə xitam verə biləcəyini bildirib.
 
“Bu, şikayətçinin İspaniyadakı Ukrayna səfirliyinə gələrək videokonfrans vasitəsilə məhkəmə iclasında iştirak etməsini nəzərdə tutan prosesual qaydaya uyğun həyata keçirilməlidir. Səfirlik şikayətçinin şəxsiyyətini təsdiqləməli, daha sonra xüsusi prosessual qaydaya əsasən tərcüməçinin iştirakı ilə ondan ifadə alınacaq. Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir. Biz Misirin yanında olacağıq”, - UABD rəhbəri vurğulayıb.
 
Теги: 
Украина