Lobbiçilik: Bu, təkcə dolmanı təbliğ etmək deyil...

четверг, 00:00

Diaspor və lobbiçilik fəaliyyəti hər zaman öz aktuallığını qoruyub və hazırda dəyişən dünya nizamında bu fəaliyyət daha prioritet hesab olunur. Ələlxüsus milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır ki, bu mənada həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur.

Diasporumuzun inkişafında sözsüz ki, Dünya Azərbaycanlıların Şuşada keçirilən V Qurultayının da böyük önəmi var. Çünki Azərbaycan yerləşdiyi regionda yeni reallıqlar yaradıb və Azərbaycan diasporu da bu reallıqlardan çıxış edərək, öz fəaliyyətində yeni istiqamətləri müəyyən etməlidir. Şuşa qurultayı postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdəki yerli qurumlar, media və digər təsisatlarla aparılan işin yenidən dəyərləndirilməsi, vahid şəbəkə formasında yeni konsepsiyalara əsaslanan tədbir və layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsinin şahidi olduq.

Yenisabah.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib ki, müxtəlif ölkələrdə lobbiçilik fəaliyyətini gücləndirmək üçün öncə diaspora və lobbiçilik anlayışına düzgün yanaşmağı bacarmalıyıq:

“Hər bayramda milli rəmzlərlə zəngin tədbirlərin təşkili, milli yeməklər və milli musiqmizin geniş imkanlarının sərgilənməsi əlbəttə, tanınmağımız üçün əvəzsiz vasitədir, lakin, lobbiçilik məfhumu çox daha dərin və fərqli mahiyyət kəsb edir. Lobbiçilik sadə dildə desək, yaşadığın ölkənin hökumətin qərarlarına qanun çərçivəsində təsir etmək imkanıdır. 

Vətəndaşlar yaşadığı ölkədə dövlət idarəçilərinin qərarlarına necə təsirli ola bilər? Ya həmrəy və təşkilatlanmış topluluq kimi seçki nəticələrinə səs çoxluğu vasitəsilə təsir etmək gücü ilə, ya əlaqəli formada fəaliyyət göstərən təbliğat maşınlarına malik olmaqla, ya da elə idarəçilikdə təmsil olunmaqla”.

Deputat, həmçinin, Azərbaycanın “Hücum diplomatiyası”ndan söz açıb:

“Gəlin, bu gün dünyada ən uğurlu lobbiçilik fəaliyyəti nümunəsi ortaya qoyanların təcrübəsinə baxaq. Hamısında qeyd etdiyim 3 amildən ən azı biri əsaslı təsir vasitəsi kimi formalaşdırılıb. O cümlədən də ermənilər, demək olar ki, həm hakimiyyətə yol tapıblar, həm də kompakt formada yaşamaqla seçki nəticələrinə təsir imkanları formalaşdıra biliblər.

Amma etiraf etməliyik ki, Prezident İlham Əliyevin əvvəlcə "Hücum diplomatiyası", daha sonra isə "Hücum siyasəti" doktrinaları erməni lobbi mifini alt-üst etdi. Biz Tovuz döyüşündə erməni lobbisinin genişmiqyaslı hücumunu gördük, cənab İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi erməni lobbisini faktiki olaraq aciz buraxdı. 44 günlük savaşda da, eynilə”.

Dövlətimizin erməni lobbisi ilə mübarizəsinə toxunan millət vəkili qeyd edib:

“Burada eyni zamanda Mehriban xanım Əliyevanın rəhbərliyi altında "fake news"-la mübarizədə səylərin birləşdirilməsini xüsusi qeyd etməliyəm. Yəni, biz dövlət olaraq erməni lobbisi mifini alt-üst edə bilmişik. Amma bir daha qeyd etmək istəyirəm, dövlət olaraq. Xaricdəki diaspora təşkilatlarımız isə hələki lobbiçilik fəaliyyətinin qurulmasını tam nail ola bilməsə də, vəziyyət ümidvericidir. Xüsusən Türkiyə türklərinin diaspora təşkilatları ilə güclərin birləşdirilməsi imkanlarımızı genişləndirib. Habelə tək-tək də olsa, soydaşlarımızın xaricdə yüksək vəzifələrə təyinatlarının şahidi olmaqdayıq. Həmçinin, eyni ölkədə olan diaspora təşkilatları arasında nifaq və barışmazlıqların tədricən aradan qalxmasına şahidlik edirik”.

“Təbii ki, vahid bir topluluğa nail olmaqla soydaşlarımız yaşadıqları ölkədə ciddi seçici elektoratına çevrilməklə lobbiyə çevrilə bilirlər ki, bu da lobbi fəaliyyətləri ilə yaşadıqları ölkədə Azərbaycanın mənafelərinə, eyni zamanda da hüquqa uyğun qərarların qəbul olunnmasına əhəmiyyətli təsir imkanı yaradır.

Təbii ki, bu yöndə də hərəkətverici qüvvə kimi Azərbaycan dövləti çıxış edir. Məsələn, mən Şuşadakı qurultayı bu yöndə çox vacib mərhələ hesab edirəm”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov isə vurğulayıb ki, lobbiçilik diaspor fəaliyyətinin ən yüksək səviyyəsi sayılır:

“Belə ki, lobbizmin kökündə xaricdə yaşayan azərbaycanlıların həmin ölkədəki yerli hakimiyyət orqanlarında iştirak etməsi və arzuolunan halda isə, əlbəttə ki, dövlət orqanlarında vəzifələrin tutulması ilə bağlıdır.

Hazırkı dövrdə lobbiçiliyi dünyanın bütün ölkələrində baş verən proseslərdəki ən aktual məsələlərdən biri – iqtisadi məsələlərlə bağlamaq olar. Yəni istənilən seçkidə iştirak etmək, yaxud da diaspor nümayəndələrinin hansısa vəzifələrə lobbizmin köməyi ilə təyin olunması üçün, əlbəttə ki, orada iş adamlarının birgə fəaliyyəti çox vacibdir. İqtisadi məsələ burada özünü göstərir. Belə ki, seçki kampaniyalarında iştirak edən nümayəndələrimizə maliyyənin ayrılması, eləcə də onların seçki öncəsi yetişdirilməsi və s. məsələlərdə maliyyə məsələsi çox vacibdir. Buna görə də, diaspor fəaliyyətində iş adamlarının bu məsələlərə cəlb olunması, diaspor hərəkatında yaxından iştirak etməsi əsas amildir”.

H. Cavadovun sözlərinə görə, bu mərhələyə qədər lobbizmin uğurlu nəticəsi olaraq bu vəzifəyə təyin olunan və yaxud seçiləcək şəxslərin özlərinin yetişdirilmə prosesi də çox vacib prosesdir və bunu nəzərdən qaçırmaq olmaz:

“Diaspor nümayəndələri öncədən yerli siyasi partiyalarda tərənnüm olunmalıdırlar. Bu da qısamüddətli bir proses deyil. Çünki bilirsiniz ki, seçkiyə gedən partiyaların proqramları seçki öncəsi elan olunsa da, bu proses uzun illər davam edir. Bunun üçün də burada yetərincə aktiv nümayəndələrimiz olmalıdır. Əgər seçki 6 aydan sonradırsa, ona həmin an start verməklə nəticəyə nail olmaq çox çətindir. Bizim nümayəndələr siyasi partiyalarda, yaxud dövlət orqanlarında ən aşağı vəzifələrdə belə olmalıdırlar ki, diasporamız onların orada karyera inkişafı üçün iş adamlarının dəstəyi ilə nəsə edə bilsin.

Bu məsələlər geniş proqram şəklində işlənilməlidir və bu yöndə iş aparılarsa, diaspordakı iş adamları milli məsələlərin fonunda bir araya gələrsə, eləcə də iqtisadi tərəfdən dəstək olarsa, bizim orada olan nümayəndələrimizin yüksək vəzifələrdə Azərbaycanı təmsil etməsi istisna edilmir. Hansılar ki, yerli dili gözəl bilir, yuxarıda qeyd etdiyim vəzifələrə layiq şəxslərdir və onlara dəstək verilməsi üçün onlar öncədən yetişdirilməlidir”.

Həmsöhbətimiz bu proseslərin UABD tərəfindən Ukraynada uğurla həyata keçirildiyini söyləyib:

“Diaspor təşkilatları bu istiqamətdə öz işlərini aparmalıdırlar. Ukraynada biz bu istiqamətdə olan işlərə başlamışıq və demək olar ki, işimiz uğurla davam edir. Yerli seçkilərdə artıq azərbaycanlıların, diaspor nümayəndələrimizin iştirakı, dövlət orqanlarında həmyerlilərimizin çalışması bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin bu proseslərdə iştirakı isə əlbəttə ki, vacibdir. Həmin ölkələrlə Azərbaycan arasında olan münasibətlərin inkişaf etdirilməsində həmin şəxslərin iştirakı vacibdir ki, yerli hakimiyyət orqanlarında da bu şəxslərin nüfuzu artsın”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

https://yenisabah.az/lobbicilik-bu-tekce-dolmani-teblig-etmek-deyil?fbclid=IwAR22jpOUpLhO5T5lITKKNem229fiFu4djgXFMYV5iUmAYlyxnxweNVluJiI

Теги: 
Азербайджан