Ağdam

воскресенье, 23:59

Müharibə görməmişəm. Qarabağı da görməmişəm. Amma xarabalıq görmüşəm.
 
Müharibənin yaratdığı xarabalıq. İçimdə, həyatımda, dostlarımın xatirələrində görmüşəm: münasibətlərimiz, düzənimiz alt-üst olub, məktəbimiz dağılıb. Müqəddəs, sehirli müəllimlərimiz mis, alüminium oğrusuna çevrilib, qalstuklarını çıxarıb eşşəyə minib İrana dəmir-dümür, mal-heyvan daşıyıblar. Soyuq sinif otaqlarında gözlədiyimiz müəllimlərimizin İran sərhədində tutulub qoyunlarla bir yerdə tövləyə salınmasını − həbs edilməsi xəbərini eşitmişik. Atam rəsm sərgilərini, yaradıcılıq emalatxanalarını, bahalı həyatı buraxıb heç vaxt bacarmadığı kartof, buğda əkməklə məşğul olmağa məcbur olub, amma bacarmayıb. Birdən-birə yaranan səfalət mehriban adamları əcinnəyə çevirib. Sonra... Sonra şəhid xəbərləri, insanların bir daha özlərinə gələ bilməməsi.
Müharibə bitsə də, içimdəki bu xarabalığa tez-tez səyahət edirəm...
 
Amma Ağdamda gördüyüm xarabalıq tam başqa idi. Bütün təsvirlərdən, müharibədən sonra çəkilib göstərilənlərdən tam fərqli...
Ermənilərin törətdikləri hər cür vəhşiliyin şahidi olmuşuq: uşaqları, qocaları süngülərə keçirtməkdən tutmuş onları zorlamalarına qədər, əsgərlərimizi diri-diri yandırmalarına qədər. Açığı, həmişə bunları “müharibənin yazılmamış qaydaları” kimi axmaq bir ifadə ilə izah etməyə çalışmışam. Bəlkə də bu vəhşiliklərin tarixdə analoqu olduğunu düşündüyümə görə, bəlkə də o ağrılardan xilas olmağa çalışdığım üçün…
Amma Ağdamda tamam başqa bir vəhşiliyin şahidi olursan. Və bu vəhşiliyin tarixdə analogiyası yoxdur! Ermənilər təkcə insanlara təcavüz etmirmişlər, onlar torpağı da zorlayırmışlar, onlar divarlara, daşlara, ağaclara da təcavüz edirmişlər. Ermənilər qəbirlərin də “üzünü açırmışlar”.
 
Adam gördükcə, düşündükcə dəhşətə gəlir: biz hansı varlıqlarla üz-üzəyik! Biz torpaqlarımız qayıtsın deyə, kimlərlə bərabər yaşaya bilmək xəyalı qurmuşuq!
Ermənilər yerin üstünü xarabalığa çevirdikləri kimi, yerin altını da viran qoyublar. Adama elə gəlir ki, canlı nə varsa, hamısını yeyiblər, heyvanat aləmindən tutmuş yeyilə, istifadə oluna bilən hər bitkiyə kimi – yaşıl bir şey görməzsən.
Ermənilər bütün qəbirləri açıblar. Baxırsan, bomboşdur. Çoxu deyir, meyitlərin qızıl dişlərini oğurlamaq üçün açıblar. Amma dişə görə bütün sümüklərimi aparmaq lazımdır? Bu kimə inandırıcı gələr?! Bəlkə, ermənilər insanların sümüklərini də yeyiblər, satıblar, ya da hansısa xəstəlikərinə məlhəm kimi istifadə ediblər?..
 
***
Ağdam. Bu, necə Ağ Damdır! Nə ağ var, nə dam. Bir dənə damı olan nəsə yoxdu. İndi necə olmalıdır? Yenidənmi tikilməlidir? Neçə ilə? Yenidən tikilərsə, Ağdam olacaq?
Hələlik bu torpaqlar ermənilərin hansı məxluq olmalarını müəyyənləşdirmək üçün bir laboratoriyadır, tədqiqat mərkəzidir. Başqa heç nə!
Bu laboratoriyada ciddi işlənilməlidir, xəstəliyin adı bilinməli, dəqiq diaqnoz qoyulmalıdır. Çünki bu ağılasığmaz dəhşətləri törədə bilən insanların mütəşəkkil yaşaması və adlarını respublika qoymuş bir quruluşla idarə edilməsi, ilk növbədə, region üçün, daha sonra bütün dünya üçün, bəşəriyyət üçün ciddi bir təhdiddir. Dizimizin dibində insan cildində olan canlı bir atom bombası var, onlar hər şeyi dağıtmağa hazırdır və buna hər zaman manyakcasına hamilədir. Zərərsizləşdirilməsə, doğulacaq, mütləq doğulacaq!
 
***
Ağdamı görəndən sonra niyə müharibənin buradan başlamadığı ilə bağlı suallara dəqiq cavab tapıram. Deyirdilər, burada böyük istehkamlar var, möhkəm hazırlaşmışdılar, böyük itki ola bilərdi. Hətta Nəcməddin Sadıqovun Ordumuzu qəsdən bu istiqamətdən hücum etmək planı qurması, son anda bunun ifşa edilməsi barədə şayiələr də var.
Amma əminəm ki, Ağdamı döyüşsüz almağın tamam başqa bir məqsədi olub: Ağdamı indiki halında təqdim etmək. Ağdam erməni kimliyini, erməni xislətini göstərmək üçün tam bir müayinə protokoludur, rentgen kağızıdır. Bəlkə, burada döyüş olsaydı, indiki dağıntıları müharibənin ayağına yazacaqdılar. Amma İlham Əliyev atəş açmadı və “həkim kağızı”nı aldı. İndi dünya bunu oxuyacaqmı?
 
***
Mən müharibə görməmişəm, Qarabağ da görməmişəm. Amma “Qarabağ adam” görmüşəm. İbrahim Mirzəyevə “Qarabağ” deyirdim. Onunla görüşəndə sanki bütün qaçqın uşaqlarla söhbətləşmiş olurdum, onların darısqal yuvalarda sıxılıb məhv olmuş yataqxana həyatı, sarsıntılar, yarımçıq qalmış arzuları...
Sonra Laçına səyahət edirdik. İndi Laçını, bəlkə, küçə-küçə tanıyıram: kimlər var, hansı nəsillər, hansı ailələr yaşayıb. Laçına getsəm, hamıya bələdçilik edə bilərəm.
Bir də mənə əziz olan Ağdam uşaqları var. Amma onların danışdıqları heç nəyi görə bilmədim. Ağdam məscidinin minarəsindən - Ağdamın ən hündür yerindən baxdım, amma onların xatirələrini tapa bilmədim.
Bircə çörək muzeyinin bir divarından başqa...
 
Elçin Zahiroğlu

https://www.facebook.com/story.php?story_fbid=3873725759330959&id=100000807197750

Теги: 
Видео