Səsimiz daha yüksəkdən gələ bilər

вторник, 10:00

Elsevər Paşayev: “Azərbaycan diasporunun Ukraynada öz sözünü deyə bilməsi üçün gözəl zəmin var”

Bu gün Ukraynadakı azərbaycanlı gənclər, diaspor fəaliyyəti istiqamətində də fəallıq göstərirlər. Bu baxımdan Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının (ÜAGT) da həyata keçirdiyi tədbirlər diqqəti çəkir. Təşkilatın sədri Elsevər Paşayev qəzetimizə müsahibəsində bu və digər məsələlərlə bağlı məlumat verdi. Xatırladaq ki, ixtisasca tarixçi olan E. Paşayev uzun müddət jurnalist kimi çalışıb. 7 ildir Ukraynada yaşasa da, Vətənə və millətinə çox bağlıdır. Elə buna görədir ki, qürbətdə Azərbaycan diasporunun fəallarından olması təsadüfi deyil.


- ÜAGT olaraq gənclərlə bağlı hansı tədbirlər keçirirsiniz? 


- Bildiyiniz kimi ÜAGT yeni yaranmış təşkilatdır. Bununla belə, ilk ümumukrayna statusu almış azərbaycanlı gənclər təşkilatı olmağımız üzərimizə böyük məsuliyyət qoyur. Odur ki, hələ təşkilatımızın işi planlaşdırdığımız miqyasa çatmasa belə, mümkün qədər özümüzdən söz etdirməyə çalışırıq. Millətimizlə bağlı təqvimin vacib günlərindən demək olar ki, heç birini qaçırmırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, Müstəqillik və Respublika Gününə, Novruz Bayramına aid imkan daxilində bayram tədbirləri təşkil edirik. Milli faciəmiz olan Xocalı soyqırımına xüsusi diqqət yetiririk. Azərbaycan və Qarabağ həqiqətlərini Ukrayna ictimaiyyətinə yaxından çatdırmağı özümüzə borc bilirik. Gənclərimizə qürbətdə ölkəmizi və yüksək mədəniyyətimizi yaxşı yöndən təbliğ etməyi aşılayırıq. 


Daha çox paytaxt Kiyevdə fəalıq. Burada təhsil alan azərbaycanlı tələbələrlə sıx təmas halındayıq. Onların aktiv olduğu təhsil ocaqlarında tez-tez Vətənimizlə bağlı tədbirlərimiz olur. Yerli nümayəndələrimiz sayəsində gələcəkdə regionlarda da effektli iş aparmaq niyyətindəyik. 


- Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatının Ukraynadakı azərbaycanlıların birləşməsində hansı rolu var? 


- Əlbəttə, UABD digər təşkilatlardan ilk növbədə bununla fərqlənir. Bu, ölkədəki soydaşlarımızı vahid və güclü bir təşkilatın ətrafında birləşdirməyə cəhd edir ki, millət olaraq bir hədəfə vuraq. UABD sədri, inamla Ukraynada Azərbaycan diasporunun lideri adlandıra biləcəyimiz Hikmət Cavadovun gördüyü işlər, yürütdüyü siyasət, dövlətçiliyimiz və millətimiz üçün atdığı addımlar rəğbət doğurmaya bilməz. Gənc olmasına baxmayaraq, Hikmət müəllim atdığı addımlarla nəinki azərbaycanlılar arasında, bütün Ukraynada böyük nüfuz qazana bilib. O, Ukrayna millətinin ən çətin günlərində cəsarətlə Azərbaycan xalqı adından Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirərək, nə qədər uzaqgörən biri olduğunu isbatlamışdır. Açıq etiraf edim ki, şəxsən mənim də Ukraynada diaspor fəaliyyətinə fəal qoşulmağımda Cavadovun rolu böyük olub. Kiyevdə də digər bölgələrdəki fəallarımız, xüsusilə ilə gənclər onun “yolxucu” vətənpərvərlik hissini özünə örnək bilir və bu cür liderin arxasınca getməyə hazırdır. 


- Ukraynanın ictimai-siyasi həyatında azərbaycanlılar hər hansı fəallıq göstərirlərmi? Azərbaycanlılar Ukraynanın qanunverici orqanında yetərincə təmsil olunurlarmı? 


- Bu cəhətdən son vaxtlar müsbətə doğru irəliləyiş var. Hazırda Ukraynada yaşanan məlum hadisələr göstərdi ki, azərbaycanlılar yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməkdə maraqlıdır. Millətimizin, dar gündə vətəndaşları olduğu ölkəni müdafiə etməyə, dövlət maraqlarını qorumağa hazır olduğunu bütün Ukrayna gördü. Əlbəttə, çox istərdik ki, bu ölkənin siyasi arenasında Azərbaycan mənşəli siyasətçilər görək. Radada diasporumuzun təmsilçiləri olsun. Fikrimcə, belə davam etsə, arzumuz gerçək olacaq. Əvvəlki illərə nisbətən, bu istəkdə olan perspektivli, qabiliyyətli soydaşlarımız yox deyil. 


- Azərbaycanın təbliğatını Ukrayna KİV-lərində yetərincə apara bilirsinizmi? 


- Yerli media ilə yaxın təmasda olmaq, diaspor işində başlıca məsələlərdən biridir. Hələ çox təbliğ edilməliyik. Buna ehtiyacımız var. Başa düşürük ki, bütün Ukraynanın Azərbaycan diasporunu görməsi və eşitməsi üçün bu şərtdir. Odur ki, KİV-lə əməkdaşlıq hər zaman prioritetlərdəndir. Müəyyən əlaqələrimiz var. Daha da inkişaf etdirməyə cəhd göstəririk. Onu da deyim ki, Ukrayna mediası digər postsovet məkanı ölkələri ilə müqayisədə daha demokratik və obyektivdir. Həmişə bizi dinləməyə hazırdırlar. 


- Azərbaycan diasporu Ukraynada öz sözünü deyə bilibmi? 


- Hələ inamla bunu söyləmək tezdir. Səsimiz daha yüksəkdən gələ bilər. Ukraynadakı 500 min azərbaycanlı ilə hər kəsi hesablaşmağa vadar etməliyik. Azərbaycan diasporunun Ukraynada öz sözünü deyə bilməsi üçün gözəl zəmin var. Realizə etmək birlik-bərabərlik və yüksək təşkilatçılığımızdan asılıdır.


Fuad Hüseynzadə

Теги: 
Новости молодежи