"Neftçi"dən gedib, Ukraynada parlayan nəvə Banişevski -

суббота, 00:00

Sportinfo.az xəbər verir ki, Azərbaycan futbolunun və "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevski Ukraynada peşəkar futbolla məşğuldur.

O, 2011-ci ildə “ağ-qaralar”ın sıralarına qoşulub. Nəvə Banişevski həmin klubun 9 nömrəli formasını geyinirdi.

Hazırda Ukraynada yaşayan Banişevski Azərbaycanda “Neftçi”dən sonra bir neçə klubda, həmçinin Litvada çıxış edib.

UABD sədri Hikmət Cavadov qeyd edib ki, Əli Bonişevskinin yaşıl meydana qayıtmasında Ukraynada Azərbaycan diasporunun qurucularından olan xeyriyyəçi iş adamı Oktay Əfəndiyevin böyük rolu olub.

O, diasporun bütün sahələrinin inkişafı üçün çalışır. Bu yaxınlarda pandemiya səbəbindən Ukraynada çətin vəziyyətə düşmüş soydaşlarımıza verdiyi dəstəyə görə Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Ümumiyyətlə, idman sahəsinin inkişafı diasporumuzun prioritet istiqamətlərindəndir. Buna görə də yaranmış uğurlu fürsətdən istifadə edərək bir neçə gün öncə Əli Bonişevskinin diasporun aparıcı şəxsləri ilə də görüşləri tərəfimizdən təşkil olunub. Ukraynada idman sahəsində soydaşlarımızın qazandıqları uğurlar Azərbaycan diasporunun təbliğatında mühüm faktordur.

Gənc futbolçunun Ukraynada baş tutacaq oyundan əvvəl verdiyi qısa müsahibəsini təqdim edirik:

- Əli, necəsən? İşlərin necədir? Bildiyimiz qədər bu gün oyununuz var. İndiyə kimi atdığın qollarla yadda qalmısan. Bugünkü oyunda da eyni performans olacaq səncə?
- Çox sağ olun. Hər şey əladır. Yəqin ki, asan oyun olmayacaq. Komandamız yalnız qələbəyə köklənib. Hər birimiz son saniyələrə kimi mübarizə aparacağıq. Ümid edirəm nəticə də istədiyimiz kimi olacaq.

- Sənin futbol kariyeran Ukraynadan kənarda başlayıb. İlk təcrübən məhz harada olub?
- İlk dəfə Azərbaycanın paytaxtı Bakıda “Neftçi”də oynamışam. Bundan başqa, Azərbaycanın digər klublarında da çıxış etmişəm.

- Əli, hər oyundan sonra sənin haqqında xoş təəssüratlar yaranır. Və hər qələbədən sonra baban Anatoli Banişevski yada düşür…
- Harada və necə oynamağımdan asılı olmayaraq, babam Banişevski hər zaman gözəl xatırlanır. Mən isə öz növbəmdə sözsüz, mükəmməl oynamalıyam.

- Yəqin ki, həyatının futbolla kəsişdiyini bilsəydi, baban da səninlə fəxr edərdi. Bir müddət futboldan uzaq qalmışdın. Bundan sonrakı planların nədir?
- “Niva” komandasına, demək olar ki, bir aydır gəlmişəm. Hələ ki, güc yığıb, özümü bir az da təkmilləşdirməliyəm. Çox professional komanda ilə işləyirik. İlkin məqsədimiz vilayətin çempionu olmaqdır. Daha sonra isə yüksək nəticə əldə etmək üçün bütün gücümüzlə çalışacağıq. Yeri gəlmişkən, yerlim, azərbaycanlı Oqtay Əfəndiyev soyadımı eşidən kimi məni komandaya dəvət etdi. Buna görə bir daha minnətdarlığımı bildirirəm.

- Sizə kariyeranızda və bugünkü oyunda müvəffəqiyyətlər arzulayırıq.

- Təşəkkür edirəm.

Теги: 
Наши гости
Спорт