“Azərbaycan diasporunun dostları” – Dostunu göstər, Ukraynada kim olduğunu deyim

вторник, 20:23

Diaspor fəaliyyəti bir çox halda diplomatiyanın aşa bilmədiyi sədləri keçə bilir. Bu mənada Azərbaycan diasporunun güclənməsi ümumi işlərimiz üçün çox əhəmiyyətlidir. Son illər bu sahəyə dövlət səviyyəsində diqqətin artırılmasını bunun tərkib hissəsi saymaq olar.

 

Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları necə, onlar hansı missiyanın daşıyıcısı olduğunun fərqindədirlərmi?

 

Modern.az “Azərbaycan diasporunun dostları”  layihəsinə start verir. Layihə çərçivəsində soydaşlarımızın yaşadıqları ölkələrdə gördükləri işlər, əməkdaşlıq etdikləri tərəflər, qarşılaşdıqları problemlər öyrəniləcək.

 

İlk ünvan Ukraynadır. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov saytımıza açıqlamasında mövzuya müxtəlif aspektdən yanaşır.

 

 

Siyasi dostlar

 

- Birinci onu deməliyəm ki, biz Ukraynada əməkdaşlıq edə biləcəyimiz mümkün olan bütün insanları, təşkilatları, dövlər və özəl qurumlarını özümüzə dost etməyə çalışırıq. Hesab edirik ki, diaspor fəaliyyətinin ana xəttini bu təşkil etməlidir. Ukrayna cəmiyyətinə inteqrasiya etmək qarşıya qoyduğumuz işlər sırasındadır. Başqa məsələ ki, bu istiqamətdə işlər tam istədiyimiz şəkildə də getmir. Bunun isə müxtəlif səbəbləri var. Ancaq bəhanələrdən uzaq, qarşıya çıxan çətinliklərdən usanmadan diaspor fəaliyyətini əzmlə davam etdiririk.

 

Azərbaycanın ən böyük dostu Ukraynanın ikinci prezidenti Leonid Kuçma olub. Hər zaman Azərbaycan haqqında yüksək fikirlər səsləndirib. Hazırkı prezident Vladimir Zelenski də Azərbaycanın böyük dostu sayılır. O, hər yerdə Azərbaycanı  sevdiyini deyir. Azərbaycan prezidenti ilə də münasibətləri yüksək səviyyədədir.

 

Parlamentdəki dostlar

Diaspor sədri Ali Radada təmsil olunan deputatların Azərbaycan sevgisindən söz açıb:

 

Ukrayna Ali Radasında Zelenskinin partiyasından seçilmiş bir neçə deputat var ki, yaxşı mənada Azərbaycana daha yaxın olması ilə seçilirlər. Ukrayna Ali Radasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksandr Aleksandroviç Merejko var. O, bir neçə gün bundan öncə AŞ PA-nın vitse prezidenti seçildi. O da Azərbaycan sevdalısıdır. Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupuna daxil olan 48 deputatın hamısı Azərbaycana maraq göstərir. Hesab edirəm ki, parlament diplomatiyasını bundan sonra daha da inkişaf etdirmək lazımdır.

 

Elm və mədəniyyət sahəsindəki dostlar

 

Hikmət Cavadov Ukrayna univeristetlərində  Azərbaycanı sevən bir çox şəxslərin olduğunu söyləyib:

 

- Ukraynanın ədəbiyyat adamları arasında da Azərbaycanın dostları var. Ukrayna Yazıçılar İttifaqı Azərbaycanla bağlı müxtəlif əsərlər çap ediblər.

 

Ukraynanın elə ali məktəbləri, universitetləri var ki, onlar bizim fəxri dostlarımızdır. Tarixçi Oleq Kupçik, Qarabağ məsələsi üzrə  alim Aleksandr Merejko, eləcə də, akademik Yuriy Semşuçenko da Azərbaycanın dostudur.

 

Yuxarıda söylədiklərim rəsmi dostlardır. Ancaq Ukraynada Qeyri Hökumət Təşkilatları, başqa xalqların diasporları, jurnalistlər, müğənnilər arasında da xeyli dostlarımız var. Türk İş Adamları Birliyi, polyak diasporu, gürcü diasporu kimi böyük qurumlarla çox sıx əməkdaşlığımız var. Bir daha qeyd edim ki, bizim əsas prioritetimiz hər kəsi, hər bir qurumu Azərbaycan diasporuna dost etməkdir. Hər halda hesab edirəm ki, Ukraynada bu istiqamətdə üzərimizə düşən vəzifəni yerinə yetirə bilirik.

 

 

https://modern.az/az/news/225877

Теги: 
Азербайджан